Faktiki hava açıqlandı: Rayonlarda son vəziyyət necədir?
Aprelin 16-sı saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 60 mm (aylıq normanın 260%-i), Qusarda 144 mm (aylıq normanın 301%-i), Altıağacda 112 mm (aylıq normanın 154%-i), Xaltanda 90 mm (aylıq normanın 133%-i), Qubada 75 mm (aylıq normanın 157%-i), Xaçmazda 72 mm (aylıq normanın 238%-i), Şabranda 55 mm (aylıq normanın 188%-i), Mingəçevirdə 54 mm (aylıq normanın 158%-i), Oğuzda 49 mm (aylıq normanın 50%-i), İsmayıllıda 45 mm (aylıq normanın 44%-i), Sabirabadda 44 mm (aylıq normanın 148%-i), Qəbələdə 39 mm (aylıq normanın 38%-i), Göyçayda 34 mm (aylıq normanın 69%-i), Ağstafada 30 mm (aylıq normanın 79%-i), Qobustanda 29 mm (aylıq normanın 58%-i), Şəkidə 28 mm (aylıq normanın 31%-i), Neftçalada 24 mm (aylıq normanın 73%-i), Gəncədə 23 mm (aylıq normanın 74%-i), Şamaxıda 21 mm (aylıq normanın 31%-i), İmişlidə 21 mm (aylıq normanın 70%-i), Şəmkirdə 21 mm (aylıq normanın 59%-i), Şabranda 20 mm (aylıq normanın 68%-i), Biləsuvarda 19 mm (aylıq normanın 55%-i), Tovuzda 18 mm (aylıq normanın 58%-i), Yevlaxda 15 mm (aylıq normanın 45%-i), Göygöldə 15 mm (aylıq normanın 24%-i), Zərdabda 14 mm (aylıq normanın 45%-i), Qaxda (Sarıbaş) 14 mm (aylıq normanın 11%-i), Beyləqanda 13 mm (aylıq normanın 42%-i), Salyanda 12 mm (aylıq normanın 36%-i), Kürdəmirdə 12 mm (aylıq normanın 35%-i), Hacıqabulda 10 mm (aylıq normanın 33%-i), Gədəbəydə 8 mm, Astara, Lənkəranda 7 mm, Zaqatalada 6 mm, Yardımlıda 5 mm, Lerik, Balakəndə 3 mm, Kəlbəcər, Laçın, Xocalı, Füzuli, Ceyrançöldə 2 mm-dək olub.
Dağlıq ərazilərdə – Daşkəsən, Xınalıq, Qrızda qar yağır. Qar örtüyünün hündürlüyü Xınalıqda 78 sm-dir.
Şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Altıağacda 28 m/s, Qobustanda 16 m/s-dək güclənib.
Müşahidə olunan leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində Zəyəmçay, Əsrikçay, Ağçay, Şabrançay, Dəvəçiçay, Qaraçay, Qusarçay, Vəlvələçay, Gilgilçay, Pirsaatçay, Ataçay, Ağsuçay, Cağacuqçay, Qabırrıçay, Dəmiraparançay, Qudiyalçay, Girdimançay və Göyçaydan sel keçib.
Avtomat hidroloji stansiyaların aprelin 16-sı saat 20:00-a olan məlumatına əsasən ötən sutka ilə müqayisədə əksər çaylarda sululuq artıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 57 sm, Əyriçayda 40 sm, Qudiyalçayda 30 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 28 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 36 sm, Köndələnçayda 19 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 12 sm artım qeydə alınıb.