Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Fədayə "Qoca" ilə sevgisini etiraf etdi: "Arvadı mənə dedi ki..."

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadə məlum olub.

Yenicag.az-ın xəbərinə görə, istintaqa ifadəsində F. Laçın qatardan qaçan və sonradan zərərsizləşdirilən “Qoca” ləqəbli Etibar Məmmədovla münasibətlərindən danışıb.

O deyib ki, E. Məmmədovu 2013-cü ildən tanıyır: “Həmin il Hacıqabul rayonunda toyda olarkən Etibarın qardaşı Azadın toyunda da müğənni kimi iştirak etmişəm. Etibarı onda tanımışam. Lakin həmin vaxt onunla heç bir münasibət qurmamışam. Təxminən 2015-ci ilin avqustunda Şirvan şəhərində toy məclisində olarkən müğənni yoldaşlarımdan adı yadımda qalmayan şəxs mənə Hacıqabul rayonunda bir nəfərin ad günündə 1-2 saatlıq oxumağı təklif edib. Mən də həmin müğənni yoldaşın dedikləri ilə razılaşdım, axşam saat 21 radələrində toydan çıxdım. Şadlıq evinin qarşısında gözləyən maşının müşayiəti ilə Hacıqabul rayonuna getdim. Həmin məclisdə 4-5 mahnı ifa etdim. Orada mənə məlum oldu ki, həmin məclis Etibar Məmmədovundur. Həmçinin məclisdən çıxarkən özünü mənə Etibarın arvadı kimi təqdim edən Mahuzər adlı qadın barmağıma üzük taxdı, Etibarın adından hədiyyə olduğunu dedi. Mahuzər məndən mobil nömrəmi istədi. Mən də istifadə etdiyim mobil nömrəni ona verdim. Aradan təxminən 10 gün keçəndən sonra “votsap”da mesaj gəldi. Baxanda mesajı yazan şəxsin Etibar olduğunu gördüm. Mənə “Etibaram, nə sözün olsa, mənə yaza bilərsən”, – məzmunda mesaj yazmışdı. Mən də ona cavabımda “Salam Etibar, necəsən, dostum? Yaxşısanmı?” yazdım. Sonra Etibarla yazışmağa başladıq. Onda bildim ki, Etibar qəzəllər, şeir yazmaqla məşğuldur. Özüm də şair təbiətli insan olduğumdan qəzəlləri, şeriyyatı xoşlayıram. Etibarın da qəzəlləri, şeirləri çox xoşuma gəldi. Həmin vaxtdan Etibara yaxınlıq etməyə başladım. Ümumiyyətlə, bir-birimizi sevdik”.

2015-ci ildə Etibar Məmmədovun həbs olunmasından danışan F. Laçın bildirib ki, həmin il noyabrın 5-də ölüm hadisəsi baş verib: “Bir qədər sonra Etibar Məmmədov “Abdulla” kimi tanıdığım, əsl adı Ağami Əli adlı şəxslə və “Tahir Maqa” ilə birlikdə həbs olundu. Etibar həbs olunduqdan sonra onunla danışa və ya yanına gedə bilməmişəm. Həmin ilin noyabrında məhdudiyyət aradan qaldırıldıqdan sonra Etibar mənimlə telefonla danışmağa başladı”.

Fədayə Laçının sözlərinə görə, 2017-ci ilin mayında istintaq təcridxanasında ilk dəfə E. Məmmədovla görüşüb, həmin görüşə tək gedib. O qeyd edib ki, Lerik rayonunda konsertdə olan zaman E. Məmmədovun iyulun 2-də qatarla Lənkərana gələcəyi ona məlum olub: “2 və 3 iyul tarixlərində Etibar mənə zəng etdi və harada olduğumu soruşdu. Ona Lerikdə olduğumu dedim. Etibar mənə Lənkəranda polis şöbəsində saxlandığı yerə gəlməyimi, onunla görüşməyimi istədi. Mən də zəng olunan gündən bir gün sonra saat təxminən 17 radələrində polis şöbəsinə gəldim. Həbsdə olan şəxslərin saxlandığı yerə polis əməkdaşlarının müşayiəti ilə daxil oldum. Həmin vaxt polislər məni bir otağa keçirdilər, az sonra Etibarı da ora gətirdilər. Biz polisin yanında 15 dəqiqə görüşdük. Sonra oradan ayrıldıq. 2017-ci ilin avqustunda Etibar mənə zəng etdi. Danışıq əsnasında Bakı dəmir yolu vağzalına Bakı-Astara qatarının yanına gələrək, dustaqların daşınması vaqonuna yaxınlaşdım. Məni hərbi geyimli bir şəxs qarşıladı, dəhlizdəki bir otağa keçirdi. Etibarın hamı kimi barmaqlıqlar arxasında deyil, iki nəfər üçün nəzərdə tutulmuş kupedə olduğunu gördüm. Həmin kupeyə daxil olan zaman oranın pəncərəsində dəmir barmaqlıqlar, pərdə vardı. Otaqda hər bir şərait var idi. Belə başa düşdüm ki, həmin kupe bələdçiyə aid olub. Etibarın yanına keçən zaman nəzarətçi üstümü yoxlamadı, onun yanına buraxdı. Həmin gün Etibarla bələdçinin otağında Biləcəri stansiyasına kimi getdik. Orada vaqondan düşdüm”.

F. Laçın qeyd edib ki, təxminən sentyabr ayında ona E. Məmmədovun Aqil adlı dostunun istifadəsində olan mobil telefon nömrəsindən zəng gəlib: “Etibarla danışmağa başladım. Orada Etibar dedi ki, sabah onun yanına gəlim. Ertəsi gün istintaq təcridxanasına gedərək, 4 saat orada oldum”.

F. Laçın deyib ki, E. Məmmədov ondan dəmiryolçuların vaqonlarda istifadə etdiyi üçkünc açarı taparaq onun dostu Aqilə verməyini xahiş edib: “Məsələ burasında idi ki, Etibar bacım Telli Balakişiyevanın Bakı-Tibilisi qatarında rəis işlədiyini bilirdi. Etibarın bu istəyini yerinə yetirəcəyimə söz verdim. Bir müddət sonra həmin açarın qıfılının şəkilini Etibar “Votsap”la mənə göndərdi, açarı götürüb-götürməyəcəyimlə maraqlandı. Ehtimal etdim ki, Etibar həmin açarla vaqondan qaçmaq üçün istifadə edə bilər. Bu səbəbdən Tellidən həmin açarı Etibar üçün götürməyə tələsmirdim. Hər dəfə Etibarla danışanda təkidlə tələb edirdi ki, açarı Tellidən götürərək, onun dostu Aqilə verim. Hətta Etibar bu səbəbdən bir müddət məndən küsdü və danışmadı. Sonra ona dedim ki, açar bir nəfərdə var, zəng edib götürmək lazımdı. Etibar dedi ki, Aqil zəng vuracaq, açarı götürəcək. Həmin ərəfədə xəstə olduğum üçün mobil telefonumu söndürdüm, evdən çölə çıxmırdım. Bir və ya iki gün sonra mobil telefonumu açanda gördüm ki, Aqil zəng edib. Aqilin telefonunu yığaraq açarı tapdığımı bildirdim. Ona bacım Tellinin tanışı Ədalətin telefon nömrəsini verdim ki, açarı ondan götürsün. Bildiyimə görə, Aqil Ədalətlə görüşüb, açarı ondan alıb”.

F. Laçının sözlərinə görə, E. Məmmədov bir neçə gün sonra həmin açarı qatardan qaçmaq üçün istifadə edib: “Bundan sonra telefonumun yaddaşından Etibarla yazışmanı sildim. Lakin ola bilsin ki, fotoşəkillər telefonun ayrı yerində qalmış olsun. Bacım Tellinin Etibarın qaçması planından xəbəri olmayıb”./APA/

www.yenicag.az

1807
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS