Finlandiya kanalı Azərbaycan haqqında veriliş hazırlayır
Finlandiya Dövlət Teleradio Şirkətinin (YLE) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə analitik-sənədli veriliş hazırlayır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinn mətbuat xidmətindən verilən məlumata görə, komitə sədrinin müavini Gəray Fərhadov Azərbaycana gələn işçi qrupuna ətraflı müsahibə verib.
G.Fərhadov 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzünün nəticələrini əks etdirən xəritə üzərində jurnalistlərə münaqişənin tarixi kökləri, yaranma səbəbləri barədə danışıb. O, bu münaqişə nəticəsində Dağlıq Qarabağdan və ətraf rayonlardan didərgin salınan əhalinin problemləri, onların həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər barədə məlumatlar verib. Sədr müavini iyirminci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəyən maddi və mənəvi zərərlər barədə ətraflı məlumat verib.
O, qeyd edib ki, problemin həllində ATƏT-in Minsk qrupunun indiyədək heç bir nəticəyə nail olmayıb. Nüfuzlu beynəlxalq qurumlar bu məsələyə ikili standartlarla yanaşır.
G.Fərhadov əlavə edib ki, problemlərinin kompleks həlli məqsədilə dövlət başçısının sərəncamları ilə iki Dövlət Proqramı və ona Əlavələr təsdiq edilib. Məhz bunun nəticəsidir ki, indiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr salınıb. Şəraitin yaxşılaşdırılması məqsədilə 46 min ailə, 210 min nəfərin mənzil-məişət problemi həll olunub.
Finlandiyadan gəlmiş çəkiliş qrupu Müşviqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınan 1500 ailəlik qəsəbədə olub. Burada əhalilə görüşən kanal işçiləri sənədli veriliş üçün bir neçə məcburi köçkündən müsahibə alıblar. (anspress.com)