“Formula 1 yarışları dünya turizm bazarında ölkəmizin tanıtmaq imkanlarını genişləndirir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Formula 1 Qran-prisinin Azərbaycanda keçirilməsinin önəmi və ölkəmizə gətirdiyi perspektivlər barədə danışan VI çağırış Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Formula 1 yarışları yarım milyarddan çox insanı əhatə edən beynəlxalq izləyici auditoriyasıdır:
“Bu yarışlara baxmaq üçün ölkəmizə 100-dən çox ölkədən turistlər gəlirlər. O cümlədən, yarışlara satılan biletlərin 70 faizdən çoxunu xaricilər alırlar. Bu, Formula 1 Bakı Qran-prisinə artan beynəlxalq marağın göstəricisidir. Formula 1 Azərbaycanı dünyaya tanıtmaq üçün böyük fürsətdir”.
A.Badamov bildirib ki, bu gün dünya turizm bazarında böyük rəqabət var.
“Bu baxımdan özlərini yaxşı tanıdan ölkələr qlobal turizm bazarından daha çox pay ala bilirlər. Formula 1 yarışları dünya turizm bazarında ölkəmizin tanıtmaq imkanlarını genişləndirir. Bu yarışları izləməyə gələn xarici qonaqlar yenidən növbəti ildə də qayıtmağını planlaşdırılar. Çünki, mətbəximiz çox zəngindir. Ölkəmizdə təmin olunmuş sabitlik və təhlükəsizlik dünuyanın əksər ölkələrində yoxdur. Formula 1 yarışları izləməyə gələn turistlər həm də Azərbaycanın turizm imkanları ilə tanış olurlar”, – deyə o əlavə edib.
A.Badamov qeyd edib ki, ölkəmizə gələn hər bir qonaq öz ölkəsinə qayıdandan sonra yeni turistlərin gəlməsi üçün təbliğatçısına çevrilir:
“Bu yarışlar dünyanın bütün qitələrində televiziya kanalları vasitəsilə yayımlanır. Bu da dünyada yarışları keçirmək gücündə olan dinamik inkişaf edən bir ölkənin olduğunu tanıdılmasıdır. Formula 1 yarışları başa çatandan sonra da il ərzində ölkəmizə gələn turistlərin sayı artır.
Turizm sektorunun inkişafı iqtisadiyyatın inkişafı deməkdir. Bu gün dünya iqtisadiyyatında dalğalanmalalar davam edir. Bu baxımdan, dünya turizm bazarında payımızın artması ölkəmizə yeni iqtisadi imkanlar qazandırır və iqtisadi gücümüzü artırır”.
İsmayıl Bakuvi
www.yenicag.az