Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) elmi şuralarının birgə iclası keçirildi.
Öncə ADMİU-nun rəhbərliyi və digər məsul əməkdaşları institutun AzScienceNet, Tədris-İnnovasiya, Multimedia Texnologiyaları və Elektron Kitabxana Mərkəzi ilə yaxından tanış oldular. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bu elmi qurumda IV Sənaye İnqilabının və dünyanın qlobal çağırışlarını, ölkəmizin milli və strateji maraqlarından irəli gələn elmi tədqiqatların aparıldığını söylədi. Akademik qeyd etdi ki, institutda süni intellekt, kiberdayanıqlılıq, Big Data, e-dövlət, e-təhsil, Əşyaların İnterneti və s. kimi aktual elmi-nəzəri və tətbiqi problemlər üzrə elmi tədqiqatlar aparılır, yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir.
Sonra birgə iclas institutun Böyük konfrans zalında keçirildi. Tədbirdə çıxış edən akademik Rasim Əliquliyev ali məktəblə elmi müəssisənin elm, təhsil və innovasiyanın inteqrasiyasının dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Alim Cənab Prezident İlham Əliyevin çıxışlarında qlobal texnoloji inkişafa adekvat olan, müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etdiyini, müvafiq dövlət qurumları və alimlərin qarşısında mühüm vəzifələr qoyulduğunu söylədi.
Alimin sözlərinə görə, mütəmadi olaraq “ağıllanan” süni intellekt texnologiyaları artıq yaradıcı insanlar üçün də ciddi problemlər və narahatlıqlar yaradır. Bütün bu intellektual texnologiyalar, eyni zamanda, bədniyyətli təşkilatların əlində çox güclü silaha çevrilir. Bu baxımdan müvafiq normativ-hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi son dərəcə vacibdir. Artıq insanın bioloji, intellektual imkanları ilə süni intellektin imkanları müqayisəolunmaz həddə gəlib çatmışdır.
AMEA-nın vitse-prezidenti süni intellekt texnologiyalarının mədəniyyət və incəsənətin müxtəlif sahələrinə, yaradıcılıq proseslərinə transformasiyası istiqamətində birgə tədqiqatların aparılması, yüksəkixtisaslı kadrların, yeni nəsil yaradıcı insanların hazırlanmasının qarşıda duran mühüm vəzifələrdən olduğunu söylədi.
ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova çıxış edərək, İnformasiya Texnologiyaları İnstitutu ilə elmi-tədqiqat üzrə birgə fəaliyyətlə yanaşı, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminliyini ifadə etdi.
Professor Ceyran Mahmudova müasir dövrdə süni intellekt texnologiyalarının ictimai həyatın bütün sferalarına olduğu kimi, mədəniyyət və incəsənətin müxtəlif sahələrinə də dərindən nüfuz etdiyini bildirdi. Tələbələrə süni intellektin yaradıcılıq proseslərinə təsiri ilə bağlı yeni biliklərin verilməsinin zəruriliyini qeyd edən alim bu məqsədlə Mədəniyyət və İncəsənət Universitetinin bu elmi müəssisənin qabaqcıl təcrübəsindən, elmi potensialı və imkanlarından səmərəli istifadə etməsinin vacibliyini vurğuladı.
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov ADMİU-nun magistraturasında tədris üçün hazırlanmış “Süni intellekt və incəsənət” fənni üzrə proqram haqqında ətraflı məlumat verdi. O, proqramın institutun qabaqcıl alimlərinin təklifləri, həmçinin dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanaraq tərtib edildiyini diqqətə çatdırdı.
Dosent Fərhad Yusifov ADMİU-nun magistrantlarına müasir mədəniyyət və incəsənətdə süni intellektin rolu və ondan istifadə imkanları; musiqi, təsviri incəsənət, kino və səsləndirmə, teatr və bədiiləşdirmə sahələrində süni intellekt texnologiyaları və s. kimi mövzular üzrə mühazirə və məşğələlərin təşkilinin nəzərdə tutulduğunu qeyd etdi.
Daha sonra elmi şuraların birgə iclası interaktiv dialoq formatında davam etdi. Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə, Musiqili teatr aktyoru kafedrasının müdiri, Əməkdar artist, dosent Azad Şükürov, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova, Xalq artisti, professor Zamiq Əliyevtəqdim edilən mövzulara öz münasibətlərini, həmçinin proqramın gələcəkdə daha da təkmilləşdirilməsinə dair arzularını bildirdilər.
Müzakirələr zamanı iki qurum arasında mədəniyyət, incəsənət və süni intellekt məsələlərinə həsr olunmuş birgə tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi, elmi konfrans və seminarların təşkilinə dair təkliflər də irəli sürüldü.
www.yenicag.az