Ərdoğanın "türk soylu" qərarı: Nələr dəyişdi?
Türkiyədə türk soylu əcnəbilərin hüquqları ilə bağlı qəbul olunan son qərar Azərbaycanda birmənalı qarşılanmayıb.
Yenicag.az xəbər verir ki, ötən həftə Türkiyənin “Resmi Gazete”sində yayımlanan qərarla türk soylu əcnəbilərin bu ölkədə peşə və sənətlə məşğul olması, dövlət və ya özəl sektorda işləməsi qaydalarında dəyişiklik edilib.
Bəzi yerli media orqanlarında bu qərar “türk soylulara əlavə imtiyazlar verilir” kimi təqdim edilsə də, əslində, mövcud imtiyazların sərtləşdirilməsi və sistemli qaydalarla tənzimlənməsi məqsədi daşıyır.
Yeni dəyişikliklərə əsasən, kimlərin “türk soylu” hesab ediləcəyi bundan sonra birbaşa Türkiyə Prezidenti tərəfindən müəyyən olunacaq.
Habelə, Türkiyədə işləmək istəyən türk soylu əcnəbilər üçün 10 şərt müəyyən edilib. Bunlara yaşayış izni, təhsil sənədlərinin tanınması, təhlükəsizlik baxımından maneənin olmaması, müvafiq peşə qurumlarına üzvlük və milli azlıqlar kateqoriyasına daxil edilmək kimi çətin meyarlar daxildir.
Qərarda qeyd olunur ki, türk soylu əcnəbilər yalnız öz ölkəsində peşəsini icra edə bilməyən, yaxud etnik və mədəni kimliyinə görə təzyiq altında olan şəxslər olduqları halda bu hüquqlardan faydalana biləcəklər.
Xatırladaq ki, dəyişiklik edilən qərar 1981-ci ildə qəbul olunub.