Ankarada Əhməd Cavadın xatirəsi yad edildi
Azərbaycanın Türkiyədəki səfirliyi, Səfirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi və Əhməd Cavad İnstitutu tərəfindən Azərbaycanın böyük istiqlal şairi Əhməd Cavadın vəfatının 88-ci ildönümü münasibətilə Ankara Hacı Bayram Vəli Universitetində anım tədbiri təşkil edilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyə ədəbiyyatı sahəsində tanınmış alimlər, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, tələbələr, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankara Hacı Bayram Veli Universitetinin rektoru Mehmet Naci Bostancı və Milliyyətçi Hərəkat Partiyasının sədrinin baş müşaviri, Əhməd Cavad İnstitutunun rəhbəri Ruhi Ersoy çıxış edərək, Əhməd Cavadın həyatı, zəngin ədəbi irsi və Azərbaycan–Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi xidmətlər barədə geniş məlumat veriblər.
Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” başda olmaqla ölməz əsərlərinin təkcə Azərbaycan ədəbiyyatına deyil, bütövlükdə Türk dünyasının azadlıq və milli kimlik ruhuna xidmət edən bədii simvollar sırasında xüsusi yer tutduğu vurğulanıb.
Böyük şairin yaradıcılıq irsinin qorunması və gənc nəsillərə ötürülməsi məqsədilə təşkil olunan bu əlamətdar tədbirin Azərbaycan və Türkiyə arasında mədəni və mənəvi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi qeyd olunub.
Tədbirin sonunda Əhməd Cavadın həyat və yaradıcılığını əks etdirən video material nümayiş etdirilib.