“Fransa Ermənistanı silahlandırmaqla regionda gərginliyin artırılması yolunu tutub” – MÖVQE

“Azərbaycanın qələbəsindən sonra Fransa Ermənistana siyasi dəstəyini artıq hərbi yardımla əvəzləmək yolunu tutub”.

Bu fikirləri Fransanın Ermənistana silah göndərmək hazırlığına münasibət bildirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Fransanın regionu poliqona çevirmək cəhdləri Azərbaycan tərəfindən qəbul edilə biləcək hal deyil:

“Sirr deyil ki, Cənubi Qafqaz regionunda bəlli dövlətlərin maraqları toqquşur və onlar öz mənafelərini təmin etmək üçün ən müxtəlif metodlara əl atmaqdan çəkinmirlər. Təbii ki, bu sırada olan Fransa da dediyimiz məsələdə istisna təşkil etmədi.

Xatırlayırsınızsa, bizdə o zaman Fransanın destruktiv fəaliyyəti ilə bağlı ictima dinləmələr də keçirildi və bu ölkənin prezidenti ilə ictimaiyyətinə müvafiq çağırışlar da edildi. Həmin vaxt ATƏT-in Minsk qrupunun üzvü olan Fransa prezidenti vasitəçi olaraq neytrallığını qorumaq əvəzinə, İrəvana gedərək Ermənistanla həmrəylik nümayiş etdirmişdi.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra isə Fransa Ermənistana siyasi dəstəyini artıq hərbi yardımla əvəzləmək yolunu tutub. Açıq görünür ki, Fransa belə bir yol tutmaqla, regionu poliqona çevirməyi hədəfləyib. Bu isə Azərbaycan tərəfindən qəbul edilə biləcək bir hal deyil.

Bizim Fransa ilə münasibətlərə önəm verməyimizə və normal əlaqələrin inkişafına cəhd göstərməyimizə baxmayaraq, rəsmi Paris Ermənistanı silahlandırmaqla regionda gərginliyin artırılması yolunu tutub. Azərbaycanla Ermənistan rəhbərləri arasında sülhün əldə edilməsi yönündə danışıqlar gedir, Fransa isə belə bir yolverilməz siyasət yürüdür. Biz Fransanın Ermənistanı silahlandırmaq cəhdlərini pisləyir və bunu son qoyulmasını tələb edirik”.

A.Zeynalov