Fransa və ABŞ arasında "şəxsi yazışma" QALMAQALI: Makron Trampla kəllə-kəlləyə gəlir
“Fransa və ABŞ arasındakı gərginlik Qrenlandiya məsələsi fonunda davam edəcək”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq son zamanlar Makron və Tramp arasında yaşanan gərginlik fonunda proseslərin hansı məcrada davam edəcəyini şərh edib:
“Fransa və ABŞ liderləri arasında aydın görünən bir gərginlik mövcuddur. Bunu sadəcə son illərin hadisələri ilə əlaqələndirmək, düşünürəm ki, yanlış olar. Bildiyimiz kimi, Fransa Avropa İttifaqının (Aİ) aparıcı sütunudur. Trampın Aİ-yə münasibətdə nümayiş etdirdiyi olduqca laqeyd yanaşma, sözsüz ki, ən çox Fransanı narahat edir. Bir müddət öncə Fransa NATO-dan çıxmaq niyyətini də ifadə etmişdi. Bundan əlavə, Trampın Qrenlandiya məsələsində israr etməsi və Fransa da daxil olmaqla bir sıra Avropa ölkələrinin çağırışlarına laqeyd münasibət bəsləməsi həm Makronun nüfuzuna ciddi xələl gətirir, həm də Aİ daxilində gərginlik elementləri yaradır”.
E. Mirbəşiroğlu qeyd edib ki, Trampın aşağılayıcı davranışlarına baxmayaraq, Makron öz siyasi nüfuzunu qorumaq üçün ABŞ lideri ilə qarşı-qarşıya gəlməyə hazırdır:
“Tramp tərəfindən Makronla olan şəxsi yazışmaların ictimailəşdirilməsi və bunun Fransa liderini nüfuzdan salacaq tərzdə edilməsi Makronda ciddi qıcıq yaradıb. Digər tərəfdən, Makronun Trampın Sülh Şurasına qoşulmaq çağırışını rədd etməsi Trampın sərt reaksiyasına səbəb oldu və o, Fransaya əlavə rüsumlar tətbiq edəcəyini bildirdi. Tramp həmçinin Makron haqqında aşağılayıcı fikirlər səsləndirərək, ‘onun səlahiyyət müddətinə az qalıb, o, heç kimə lazım deyil’ demişdi.
Bütün bunlar tərəflər arasında ciddi gərginlik yaradıb. Hesab edirəm ki, Makronun fəaliyyəti dövründə bu qarşıdurma davam edəcək və Makron özü də bunu dərk edir. O, Avropanın aparıcı dövlətinin başçısı kimi Qrenlandiya məsələsində ABŞ-ın iradəsinə tam müqavimət göstərə bilməyəcəyini bilsə də, həm ölkəsinin, həm də özünün siyasi simasını qorumağa çalışır. Hər bir halda, iki hegemon dövlət arasında böyük konflikt mövcuddur və Qrenlandiya məsələsi aktual olduğu müddətcə bu gərginlik qalacaq”.
Nurlan Cəfəri












