Fransada naməlum şəxslər bir neçə həbsxanaya HÜCUM ETDİLƏR – FOTO
Fransa ədliyyə naziri Jerald Darmanen ölkə daxilində bir neçə həbsxanaya hücum edildiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə o, aprelin 15-də, çərşənbə axşamı “Reuters” agentliyinə danışıb.
Nazirin sözlərinə görə, hücumlar zamanı həbsxana əməkdaşlarını qorxutmaq cəhdləri olub – avtomobillər yandırılıb, hətta avtomat silahdan atəş açılıb.
“Əlaqədar əməkdaşlara dəstək vermək üçün Tulona gedirəm. Fransa Respublikası narkotiklərin qanunsuz dövriyyəsi ilə üzləşir və bu cinayət şəbəkələrini kökündən dağıtmaq üçün ciddi tədbirlər görür”, – deyə Darmanen bildirib.
Məlumata görə, Valans şəhərində həbsxana əməkdaşlarına məxsus iki avtomobil yandırılıb. Eyni hal Marseldə də təkrarlanıb. Bundan əlavə, doqquz avtomobilə “Fransız məhbuslarının hüquqları” mənasını verən “DDPF” yazılmış kağız vərəqlər yapışdırılıb.
Yerli “Le Parisien” nəşri yazır ki, gecə saat 01:00 radələrində Tulon həbsxanasının girişinə avtomobildə olan silahlı şəxslər tərəfindən avtomat silahlarla atəş açılıb. Hücumçular hadisə yerindən qaçıb.
Qeyd edək ki, bu il yanvarın 6-da Darmanen narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirlərinin qeyri-effektivliyindən narazı qaldığını bildirmişdi. Həmin vaxt o, həmçinin həbsxanalara mobil telefonların keçirilməsi ilə mübarizənin çətinliyinə də toxunmuşdu. 2024-cü il ərzində həbsxanalardan 40 mindən çox mobil telefon müsadirə olunub.