Fransa prezidenti Emmanuel Makron baş nazir Mişel Barnierdən cümə axşamı ona təqdim olunan yeni hökumətə daxil ola biləcək nazirlərin siyahısında dəyişiklik etməyi xahiş edib.
Yenicag.az xəbər verir ki, bu barədə BFMTV kanalı mənbələrə istinadən məlumat yayıb.
Belə ki, dövlət başçısı ailə məsələləri üzrə nazir-nümayəndə vəzifəsinə namizədin dəyişdirilməsini istəyib. Barnier bu vəzifəyə sağçı Respublikaçılar partiyasından olan senator Lorens Qarnieri təklif edib. Kanalın qeyd etdiyi kimi, bu, Qarnierin əvvəllər eynicinsli nikahların leqallaşdırılmasına qarşı çıxan “La Manif pour tous” hərəkatını dəstəkləməsi ilə bağlıdır. Mənbənin sözlərinə görə, Fransa prezidenti hesab edir ki, belə bir mövqe onun siyasətinə ziddir.
Bundan əvvəl Fransız mediası Barniyə təqdim olunan siyahıda yer alan bir sıra namizədin adlarını açıqlayıb. Xüsusilə, yeni xarici işlər naziri olaraq hazırkı Avropa məsələləri üzrə dövlət katibi Jan-Noel Barro təyin oluna bilər, daxili işlər naziri vəzifəsini isə “Respublikçılar” partiyasının senator fraksiyasının lideri Bruno Retayo icra edəcək. Sebastien Lekornu müdafiə naziri vəzifəsini qoruyub saxlamağı gözlənilir. Ancaq İqtisadiyyat və Ədliyyə Nazirlikləri kimi digər vacib vəzifələrin taleyi hələ də məlum deyil, mədəniyyət və təhsil nazirlərinin kim olacağına dair məlumat yoxdur.
Gələcək kabinetin 38 nəfərdən ibarət olması planlaşdırılır, onlardan 16-sının nazir portfeli olacaq.
“France Info” radiosunun baş nazirin ofisinə istinadən verdiyi məlumata görə, Fransa hökumətinin yeni tərkibi bu həftəsonuna qədər rəsmi olaraq elan oluna bilər.
Nəsimi Ələsgərli
www.yenicag.az