İran ABŞ ilə münaqişənin regiondan kənara yayıla biləcəyini bildirdi
ABŞ Prezidenti Donald Trampın İranın mülki obyektlərinə qarşı hücumlarla bağlı təhdidlərinin həyata keçirilməsi münaqişənin region hüdudlarından kənara yayılmasına və Yaxın Şərqin enerji infrastrukturuna zərbələr endirilməsinə səbəb ola bilər.
Yenicag.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahı bəyanat yayıb.
“Əgər ABŞ-ın təhdidləri həyata keçirilərsə, İran Silahlı Qüvvələri bir damcı belə neftin ixracına imkan verməyəcək. Regionun neft, qaz, elektrik enerjisi və iqtisadi infrastrukturları zərbələrin hədəfinə çevriləcək”, – deyə qərargahın bəyanatında bildirilib.
Vurğulanıb ki, Vaşinqton tərəfindən təkrarlanan təhdidlər regionda və hətta onun hüdudlarından kənarda müharibənin genişlənməsindən başqa heç bir nəticə verməyəcək.













