Fransada islamofobiyanın artması artıq özünü real rəqəmlərdə göstərir. Belə ki, islamofobiyanın nəticəsi olaraq ötən ilin oktyabrınadək bu ölkədə müsəlmanların rəhbərlik etdiyi 30 min 34 müəssisə dövlət tərəfindən sıxışdırılıb, 1082 müəssisə bağlanıb və 55 milyon 914 min 668 avro məbləğində vəsait müsadirə edilib.
İmmiqrasiya haqqında qanunun qəbulu Fransanın iqtidar partiyasında böhran yaratdı. Gərgin parlament müzakirələri fonunda immiqrasiya haqqında qanun nəhayət qəbul edildi. Prezident koalisiyası tərəfindən irəli sürülən və daxili işlər naziri Gerald Darmanənin rəhbərlik etdiyi ilk versiya Milli Assambleyada (Parlamentin Aşağı Palatası) əsasən sağçılar (Respublikaçılar) və ifrat sağçılar tərəfindən rədd edildi.
Bu siyasi məğlubiyyət Darmanənin 2027-ci ildə prezident olmaq ümidlərini puç etdi. Çünki bu uğursuzluq onun siyasi legitimliyinə həlledici zərbə idi.
Yenicag.az xəbər verir ki, bu fikirlər “Cage international” (https://cage-international.webflow.io) portalında dərc olunmuş “Fransa milli inkişafı/İslamofobiya” adlı hesabatda yer alıb.
Hesabatda qeyd edilir ki, immiqrasiya haqqında qanunun yekun layihəsinə Respublikaçılar (Les Republicains) və Milli Birlik (Rassemblement National) partiyalarının – sağçıların və ultrasağçıların tələb etdikləri islahatlar daxildir.
Milli Birlik partiyasının sabiq rəhbəri Marin Lö Pen immiqrasiya qanununu onun hərəkatının ideoloji qələbəsi kimi qiymətləndirdi, çünki qanunda milli fikirlər üstünlük təşkil edir. O, bunu ifrat sağçıların qazandıqları siyasi nəticə kimi qəbul edir. Qanunun qəbulundan sonra bir neçə nazir istefa verdi və bu, Makronun partiyası daxilində siyasi böhrana səbəb oldu.
Hesabatda Fransanın Qəzzadakı müharibə ilə bağlı “zahirən neytral” yanaşmasını cidd-cəhdlə göstərməyə çalışdığı da vurğulanıb.
Ən son “sistemli maneə” statistikasında bildirilir ki, dörd il əvvəl Fransa hökuməti məxfi və qəddar islamofob siyasət yürütməyə başladı, məqsədyönlü hərəkətlərlə müsəlman icmasının muxtariyyət əsaslarını qısa zamanda məhv etdi. Yəni, ölkə hüdudlarından kənarda praktiki olaraq bilinməyən və onun daxilində çətinliklə başa düşülən “sistemli maneə” siyasəti beynəlxalq hüquq çərçivəsində Fransada müsəlmanlara qarşı təqibi əks etdirir.
Vurğulanır ki, ən son məlumatlar Makron tərəfindən 2023-cü ilin fevralında üstüörtülü şəkildə açıqlanıb. Marian Fondu (Fonds Marianne) qalmaqalı və siyasətə nəzarət edən qurumun rəhbərinin daha qapalı bir dövlət qulluqçusu ilə dəyişdirilməsindən sonra isə dövlətin bütün kommunikasiya strategiyası daha da ehtiyatlı oldu. Dövlətin ciddi ictimai nəzarətdən yayınması üçün yenilənmiş məlumatlar bir daha açıqlanmadı./Azertag/
www.yenicag.az