FT: Dünyada avtomobil qiymətləri QALXACAQ
ABŞ-da gəmi daşımalarına tətbiq ediləcək yeni liman rüsumu ölkənin avtomobil idxalı sektoruna 150 milyard dollarlıq ziyan vura bilər.
Yenicag.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Yeni qaydalara əsasən, hər bir avtomobil üçün 150 dollar həcmində əlavə rüsum tətbiq olunacaq. Bu isə Pekinlə Vaşinqton arasında gəmiçilik sahəsində alovlanan ticarət qarşıdurmasının təsirinə düşən avtomobil daşıyıcılarını çətin vəziyyətə salacaq.
“Wallenius Wilhelmsen” logistika şirkətinin rəhbəri Lasse Kristoffersen qeyd edib ki, bu əlavə xərclər nəticə etibarilə avtomobil istehsalçıları və istehlakçıların üzərinə düşəcək. O bildirib ki, yaranmış qeyri-müəyyənlik artıq istehsal və təchizat prosesini ləngidib.
Ümumdünya Gəmiçilik Şurasının məlumatına görə, təxminən 8000 avtomobil daşıyan böyük bir gəminin bu səfəri həyata keçirməsi üçün 1,2 milyon dollara qədər əlavə vəsait tələb olunur.
2024-cü ildə ABŞ, dünya üzrə 29 milyon avtomobildən 4,6 milyonunu dəniz yolu ilə idxal edib.
Yeni qaydalara əsasən, oktyabr ayından etibarən ABŞ Çində istehsal olunmuş gəmilərə 50 dollar məbləğində gömrük rüsumu tətbiq etməyə başlayacaq. Bu rüsum 2028-ci ilə qədər illik artımla 140 dollara çatacaq.
Hətta Çində inşa olunmuş, lakin digər ölkələrə məxsus olan gəmilər də bu tələblərə tabe olacaq – belə hallarda konteyner başına rüsum 120 dollardan başlayacaq və 250 dollara qədər yüksələcək.