“Gürcüstan hakimiyyətinin “ağzı süddən yanıb”. Yeni prezidentin seçilməsi qaydası və onun diplomsuz bir keçmiş futbolçu olması onu göstərir ki, gürcü hakimiyyəti elə bir adamı prezident seçib ki, əvvəla, bu məqamın mahiyyətini kiçiltsin”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
O, dekabrın 14-də hakim “Gürcü arzusu” partiyası tərəfindən ölkə prezidentliyini seçilən keçmiş futbolçu Mixeil Kavelaşvilinin Gürcüstana perspektivdə nələri vəd edəcəyini bəyan edib.
Onun sözlərinə görə, hakimiyyət çalışdı ki, prezident institutunun, sadəcə, formal bir məqam olduğunu cəmiyyətə göstərsin, eyni zamanda, seçdiyi adamla bu məqamda hər kəsin otura biləcəyi mesajını verməklə indiki prezident Salome Zurabişvilinin də hər hansı bir insan olduğunu demək istəsin:
“Həmçinin Kavelaşvilinin seçilməsi ilə iqtidar Zurabişvilinin Avropadan gəlməsi, Avropa təhsili görməsinin heç bir əhəmiyyətinin olmamasını işarə edib. Təbii olaraq, hər hansı bir insan barəsində önyarğılı olmaq doğru deyil. Yeni prezident Kavelaşvilinin futbolçuluqdan prezidentliyə gedən yolu böyük ölçüdə müəyyən qabiliyyət tələb edir. Görünən odur ki, Kavelaşvilidə belə bir qabiliyyət var. Prezident məqamında onun gürcü xalqının gələcəyində oynaya biləcəyi ciddi rol yoxdur. O, sadəcə. parlamentdən gələn qanunların altına öz imzasını atmaqla mükəlləfdir, bir də simvolik olaraq müəyyən ölkələrə Gürcüstan dövləti adından səyahətlər etməklə”.
Analitik hesab edir ki, prezidentin hakimiyyətin öz adamı olması gürcü dövlətinin idarə edilməsindəki indiki prezidentlə olan qarşıdurmadan fərqli olaraq rahat mühit yaradacaq:
“Yəni hakimiyyətdə ikitirəlik olmayacaq. Təbii ki, Qərb və Avropa bunu qəbul etmir, amma bu olmasa idi belə, onsuz da onlar gürcü hakimiyyətini qəbul etmirlər. Gürcüstan hakimiyyəti müəyyən istəklərlə bu dəfə hakimiyyətə gəlib, həm də Qərblə qarşıdurma bahasına. Ümid edək ki, onların planları öz nəticəsini verəcək. Torpaqlarının işğaldan qurtarılması kimi”.
Rafi Müslümov
www.yenicag.az