Füzulidə sərhədi pozmağa cəhd göstərən şəxs saxlanılıb – FOTO

Füzulidə sərhədi pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Fizuli rayonunun Aşağı Yağlıvənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən 1 nəfər Azərbaycan vətəndaşı 1981-ci il təvəllüdlü Abdurəhmanov Azər Fərrux oğlu sərhəd pozucusu qismində saxlanılmışdır.

Araşdırma zamanı A.Abdurəhmanovun əvvəllər dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitələr gətirmək məqsədilə ilə dövlət sərhədini keçmək niyyətində olduğu müəyyənləşdirilmişdir.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamanı ataraq, havanın qaranlıq, ərazinin isə meşəlik olmasından istifadə edərək geriyə qaçmışlar.