BDU-nun Filologiya fakültəsinin Türkologiya kafedrası nəzdində fəaliyyət göstərən “Türkoloji araşdırmalar” ETL-də görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Türkoloji dilçilikdə M.Füzulinin dilinə dair görüşlər” mövzusunda elmi seminar keçirilib. Kafedra və laboratoriya əməkdaşlarının, həmçinin Tələbə Elmi Cəmiyyətinin üzvlərinin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı üç məruzə dinlənilib.
Yenicag.az xəbər verir ki, seminarı giriş sözü ilə açan Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov türkologiyada M.Füzuli irsinin tədqiqat istiqamətləri, dünya türkologiyasında görkəmli şairin yaradıcılığının öyrənilməsi ilə bağlı görülən işlərdən söz açıb, xüsusilə şairin özünəxas zəngin üslubunun daim dil tarixçilərinin diqqət mərkəzində olduğunu vurğulayıb.
“Bəkir Çobanzadənin elmi yaradıcılığında M.Füzuli irsi” adlı məruzə ilə çıxış edən laboratoriyanın elmi işçisi Pərvin Eyvazov görkəmli türkoloq Bəkir Çobanzadənin “Füzuli və onun yeri” adlı məqaləsində xüsusilə şairin dili ilə bağlı alimin səsləndirdiyi mühüm tezisləri diqqətə çatdırıb, tədqiqatçının görüşləri müasir dilçilik araşdırmaları ilə müqayisə olunub.
Filologiya elmləri üzrə fəlsəfə doktoru Ramil Bayramov “Akademik Tofiq Hacıyev M.Füzulinin dili haqqında” adlı məruzəsində mərhum akademik Tofiq Hacıyevin M.Füzulinin dilinə dair sistemli elmi baxışlarından, ədəbi dil tariximizdə görkəmli şairin mühüm mərhələ təşkil etməsinə dair nəzəri cəhətdən əsaslandırılmış fikirlərindən danışıb.
Laboratoriyanın elmi işçisi Suqra Rəhmanovanın “M.Füzuli dilinin leksikasına dair görüşlər” adlı məruzəsində isə dahi şairin əsərlərinin lüğət tərkibi ilə bağlı dil tarixşünaslığındakı araşdırmalar barəsində məlumat verilib.
Türkologiya kafedrasının dosenti, tanınmış dil tarixçisi İslam Vəliyev məruzələrdə qoyulan məsələlərə dair fikirlərini bölüşüb, şairin əsərlərinin əlyazmalarının dil-üslub özəlliklərindən, xüsusilə katiblərin fəaliyyətindən söz açıb, bu istiqamətdə ortaya çıxan müxtəlifliklərin türkoloji dilçilikdə yaratdığı mübahisələrə toxunub.
Elmi seminar mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.
www.yenicag.az