“Gənc Liderlər üçün Yay Universiteti”nin beşinci günü müxtəlif panel müzakirələri ilə davam edib.
Yenicag.az xəbər verir ki, panellərdə iştirak edən millət vəkili Ramil Həsən “Azərbaycan Türkiyə strateji münasibətləri Vətən savaşından sonrakı mərhələdə”, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Azərbaycan gənclər siyasəti və yeni çağırışlar”, təlimçi Rövşən Nəcəfov “Səhvlər və təcrübələrin gələcək üçün inşa etdiyi körpü”, “Motivator Azerbaijan”ın rəhbəri Rüfət Həsənov “Biznesin idarə edilməsində liderlik xüsusiyyətləri” mövzusunda iştirakçılar ilə fikir mübadiləsi aparıb.
Günün sonunda isə “Yay Universiteti”nin qala gecəsi baş tutub. DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.
“Gənc Liderlər üçün Yay Universiteti” “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində icra edilir.
Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı layihə boyunca iştirakçılarının sağlamlığını diqqətdə saxlayaraq koronavirus təhlükəsinə qarşı mütəmadi PCR testlər apardığına görə “Gənc Liderlər üçün Yay Universiteti”nin tərəfdaşlarından biri olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkür edir.
www.yenicag.az