!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc oğlu şam kimi əriyən anadan Mehriban Əliyevaya ürəkparçalayan - MÜRACİƏT

!Reklam – Yazi

Ağcabədidən olan Heydərova Kəmalə Zakir qızının indi ömründən ömür gedir. K. Heydərova 24 yaşlı övladı Məmmədov Roman Səfər oğlunun gözünün qarşısında günbəgün şam kimi əridiyinə aciz şəkildə tamaşa etməkdədir. Bu dəhşəti Kəmalə Heydərova düşməninə də arzulamır.

1998-ci il təvəllüdlü Roman Məmmədova müayinə olunduğu klinikalarda qaraciyər sol pay hipertrofiyası diaqnozu qoyulub. Yəni uzun sözün qısası, həm yerli, həm burada çalışan türk həkim İsmayıl Caymazın nəticələrindən sonra deyilib ki, tək çarəsi var – gənc oğlana qaraciyər köçürülməlidir. Amma ailənin maddi imkanı yoxdur ki, qaraciyərin transplantasiyası xərclərini qarşılaya bilsin.

Romanın valideyni Anaxeber.info vasitəsi ilə Birinci vitse -prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət edərək ona bir ana kimi üz tutub. K. Heydərova yalvarış və imdad dolu müraciətində oğlunun sağ qalması üçün Mehriban xanım Əliyevadan köməklik göstərməsini xahiş edir.

24 yaşlı Romanın anası deyir ki, oğlunu min bir əziyyətlə böyüdüb bu yaşa çatdırıb, övladının toyunu görmək, nənə olmaq arzusu ilə yaşayır. Amma bu arzularına çatması Romana qaraciyər köçürülməsindən asılıdır. Mehriban Əliyevadan dəstək istəyən K.Heydərova bildirir ki, bu işi peşəkar həkimlərdən birinə tapşırılmasını, yaxud maddi yardım edilməsini xahiş edir:

“Hörmətli Mehriban xanım! Siz həmişə ümidsiz, əlacsız vətəndaşlara əl tutmusuz. Bu illər ərzində yüzlərlə insanın müalicəsi, minlərlə uşağın həyatının xilas edilməsində böyük rolunuz, köməyiniz olub. Bunu xalqımız gözəl bilir və bu gün də Heydər Əliyev Fondu istər tanınmış adamlara, istər sadə vətəndaşlara ehtiyacı olan məsələlərdə yardım edir. Əziz Mehriban xanım, siz dövlət və ictimai xadim olmaqla yanaşı, həm də üç övlad anasısınız, nəvələriniz var və mən bir ana olaraq Sizə müraciət edirəm. Bilirəm ki, ananın öz balası, oğlu üçün hansı fədakarlıqlar etdiyini məndən də yaxşı siz bir ana olaraq hiss edirsiniz, məni daha gözəl anlayarsınız. Bu gün 24 yaşlı oğlum Romanın həyatı Sizdən asılıdır. Çünki ona qaraciyər köçürülməsi imkanımız çatmır. Ona görə tək ümidimiz Sizsiniz. Mehriban xanım, göydə Allah, yerdə Siz, mənim balamı xilas edin. Əgər ona qaraciyər köçürülməsə mən bir daha övladımı görə bilməyəcəm. Bunun necə bir dəhşət və ana üçün bədbəxtlik olduğunu yalnız ana bilər. Odur ki, Mehriban xanım, yalvarıram, ayaqlarınıza döşənirəm, Romanımı xilas edin. Sizin bir göstərişiniz kifayətdir ki, bu işi peşəkar həkimlərimizdən biri üzərinə götürsün, yaxud dövlətin maddi dəstəyi olarsa qaraciyər köçürülə bilər. Sanki bununla bizi yenidən həyata qaytarmış olacaqsız, sanki Romanı mən yenidən dünyaya gətirmiş olacam, sanki bizə nəfəs, su, hava vermiş olacaqsız. Bizim başqa ümid qapımız yoxdur. Mən Kəmalə Heydərova, bir ana kimi Sizə və dövlətimizə güvənirəm. İnanıram ki, müraciətimə qəfil bir zənglə müsbət cavab gələcək. Əziz Mehriban xanım, oğlumun vəziyyəti getdikcə pisləşir, zaman keçdikcə əlimizi üzürük, əgər qaraciyər köçürülməsə, bizim üçün həyatın sonu olacaq”.

R.Məmmədovun valideyni dövlət rəhbərliyinə müraciətində ürəkparçalayan sözlər yazaraq qeyd edir ki, bir ananın gözü qarşısında övladının gündən-günə həyatla vidalaşması, ananın əlindən heç nə gəlməməsi ölümdən betər məşəqqətdir:

“Mən yaşadıqlarım zülmü heç bir anaya, düşmənimə arzulamıram. Təsəvvür edin ki, uşağı xilas etmək mümkündür, amma sən heç nə edə bilməyib Romanın gözlərinin içinə aciz vəziyyətdə baxasan. Mən artıq hara müraciət edəcəyimi bilmirəm və çox çarəsiz vəziyyətdəyəm. Əziz Mehriban xanım, mənim yeganə ümidim Sizədir. Dövlətimiz ondan kömək istəyənləri heç vaxt əliboş göndərməyib, xilas edib, bu dəfə ümidvaram ki, növbə mənimdir. Hörmətli Mehriban xanım, bir ana kimi səsimə səs verin, məni sevindirin!”

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv