Gənclərin “unudulmuş” yaddaşı: Bu problem niyə artır? – Professor Adil Qeybulladan XƏBƏRDARLIQ
Son illər, xüsusilə gənclər arasında yaddaş zəifləməsi, diqqət dağınıqlığı və tez unutqanlıq halları daha çox müşahidə olunur. Mütəxəssislər bunun bir neçə ciddi səbəblə bağlı olduğunu bildirirlər. Stressli həyat tərzi, pandemiyanın yaratdığı psixoloji və fizioloji təsirlər, qeyri-sağlam qidalanma və oturaq həyat tərzi yaddaş problemlərinin artmasına səbəb olan əsas amillər kimi göstərilir.
Mövzu barədə Yenicag.az-a açıqlamasında professor Adil Qeybulla bildirib ki, müasir dövrdə insanların üzləşdiyi psixoloji və sosial gərginlik beynin fəaliyyətinə birbaşa təsir edir:
“Yaddaş itməsinin səbəbləri çoxdur. Amma burada stress faktorunu xüsusilə ön plana çıxarmaq lazımdır. Çünki stress insanın bütün qayğılarını induksiya edir və nəticədə bu vəziyyət yaddaşa, xüsusilə də cari yaddaşa ciddi təsir göstərir. Bu gün demək olar ki, bütün dünyada stress faktoru mövcuddur. İnsanlar həm sosial, həm iqtisadi, həm də psixoloji səbəblərdən gərgin həyat yaşayırlar. Təbii ki, bu proses Azərbaycanda da müşahidə olunur”.
Professor qeyd edib ki, pandemiyadan sonra yaddaşla bağlı problemlər daha çox müşahidə edilməyə başlayıb. Onun sözlərinə görə, COVID-19 xəstəliyinin beyin fəaliyyətinə təsiri ilə bağlı geniş araşdırmalar hələ də davam edir:
“Müşahidələr göstərir ki, pandemiya dövründən sonra yaddaşın zəifləməsi və unutqanlıqla bağlı şikayətlər xeyli artıb. Bu onu göstərir ki, xəstəlik zamanı beyin hüceyrələri müəyyən dərəcədə zədələnə bilər və bu da neyronlara təsir edir. Lakin bu mövzuda tam və yekun nəticələr çıxarmaq üçün dünyanın aparıcı müalicə və profilaktika müəssisələrinin araşdırmalarının nəticələri gözlənilir. Həmin nəticələr ümumiləşdirildikdən sonra bu xəstəliyin uzunmüddətli təsirləri haqqında daha konkret fikirlər söyləmək mümkün olacaq”.
Adil Qeybulla bildirib ki, yaddaş zəifləməsinə səbəb olan digər mühüm amillərdən biri də damar və qidalanma problemləridir. Onun sözlərinə görə, erkən yaşlarda damar xəstəliklərinin yaranması və beyin qidalanmasının zəifləməsi yaddaşa ciddi təsir edir:
“Erkən ateroskleroz, damarların xəstəlikləri və beyin qidalanmasının zəifləməsi yaddaş problemlərinə səbəb ola bilər. Beynin normal fəaliyyəti üçün qan dövranının düzgün olması və hüceyrələrin lazımi qida maddələri ilə təmin olunması vacibdir. Əgər bu proseslərdə problem yaranırsa, bu da birbaşa olaraq yaddaş və diqqət funksiyalarına təsir edir”.
Professor vurğulayıb ki, müasir dövrdə qidalanma vərdişlərinin dəyişməsi də yaddaş problemlərinin artmasında rol oynayır:
“Bu gün sağlam qidalar demək olar ki, azalıb. İnsanlar daha çox hazır və emal olunmuş qidalara üstünlük verirlər. Halbuki beyin çox mürəkkəb struktura malikdir və burada mürəkkəb biokimyəvi proseslər gedir. Hüceyrələrin müəyyən müddətdən sonra yenilənməsi baş verir və bunun üçün də orqanizmdə lazımi maddələrin olması vacibdir. Əgər qidalanma düzgün deyilsə, bu proseslər də normal getmir”.
Adil Qeybulla qeyd edib ki, yaddaş pozuntusu çox vaxt digər psixoloji və davranış dəyişiklikləri ilə birlikdə müşahidə olunur:
“Yaddaş pozuntusu adətən diqqətin zəifləməsi, əsəbilik, tez yorulma və digər psixoloji faktorlarla birlikdə özünü göstərir. İnsanlar bəzən bunu sadə unutqanlıq kimi qəbul etsələr də, əslində bu, bir neçə faktorun təsirinin nəticəsi ola bilər”.
Professor əlavə edib ki, fiziki aktivliyin azlığı və zərərli vərdişlər beynin fəaliyyətinə mənfi təsir edir:
“Kütləvi idmana meylin olmaması, insanların daha çox oturaq həyat tərzi sürməsi də yaddaşa təsir edən faktorlardandır. Bundan əlavə, siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu və digər zərərli vərdişlər də beynin fəaliyyətinə mənfi təsir edir. Bütün bu faktorlar birlikdə yaddaş pozuntularının yaranmasına və artmasına səbəb ola bilər”.
Mütəxəssislər hesab edirlər ki, sağlam qidalanma, aktiv həyat tərzi, stressin idarə olunması və vaxtında tibbi müayinələr yaddaş problemlərinin qarşısının alınmasında mühüm rol oynayır.
Samir Məcidov













