Gender bərabərliyi: Sosial siyasətin prioritetləri və medianın rolu
Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyi prinsiplərinin təmin edilməsi və demoqrafik sabitliyin qorunması dayanır. Bu strateji hədəflər, ölkənin uzunmüddətli sosial rifahının və dayanıqlı inkişafının əsasını təşkil edir.
Qeyd olunan üç istiqamət bir-biri ilə sıx bağlıdır və cəmiyyətin tərəqqisi üçün vacibdir. Ailə, qadın və uşaq məsələləri ilə bağlı dövlət siyasətinin davamlı inkişafı, qanunvericilik bazasının təkmilləşdirilməsi və sosial dəstək mexanizmlərinin gücləndirilməsi bu prosesdə aparıcı rola malikdir. Qadınların ictimai-siyasi, iqtisadi və mədəni həyatda iştirakının artırılması həm ədalətli, həm də inklüziv cəmiyyət quruculuğu üçün həlledicidir. Stabil və sağlam ailələrin təmin olunması, ailə dəyərlərinin qorunması və gənclərin ailə qurmağa həvəsləndirilməsi demoqrafik balansın mərkəzi tərkib hissəsidir.
Millət vəkili Elnarə Akimova Yenicag.az-a bildirib ki, son illərdə Azərbaycanda gender bərabərliyi sahəsində aparılan islahatlar dövlətin bu sahəyə xüsusi önəm verdiyini təsdiqləyir:

“Son illər ölkədə aparılan institusional islahatlar, milli proqramlar, maarifləndirici təşəbbüslər və beynəlxalq təşkilatlarla əməkdaşlıq göstərir ki, gender bərabərliyi yalnız qadınların sosial yaşamdakı rolunu genişləndirmək üçün deyil, həm də demokratik inkişafın, hüququn aliliyinin, effektiv idarəçiliyin və sosial ədalətin bünövrəsini möhkəmləndirmək məqsədilə dövlət siyasətinin vacib istiqaməti kimi dəyərləndirilir.”
Deputat vurğulayıb ki, gender bərabərliyi artıq yalnız sosial mövzu kimi deyil, demokratik inkişaf, hüququn aliliyi və effektiv idarəçiliyin mühüm elementi kimi qəbul olunur.
“Bu sahədə ən diqqət çəkən məqam ildən-ilə gender məsələlərinin hüquqi-normativ bazasının yenilənməsi, dövlət institutlarının məsuliyyət çərçivələrinin dəqiqləşdirilməsi və idarəçilik səviyyəsində gender təsirinin nəzərə alınması mədəniyyətinin formalaşmasıdır. Müasir yanaşmada gender bərabərliyi artıq ictimai proseslərə formal olaraq əlavə olunan sıradan bir mövzu deyil, əksinə, qanunvericiliyin qiymətləndirilməsi, sosial layihələrin planlaşdırılması, təhsil siyasətinin qurulması və dövlət proqramlarının icrası zamanı zəruri ölçü meyarı kimi qəbul olunur.”
Elnarə Akimova təhsil sahəsində həyata keçirilən yenilikləri də xüsusi vurğulayıb:
“Bu çərçivə təhsil sistemində daha aydın görünür. Ali məktəblərdə gender tədqiqatlarına ayrılan yerin genişlənməsi, müasir dərs vəsaitlərinin hazırlanması, müəllim hazırlığında gender yanaşmasının pedaqoji model kimi tətbiqi və tələbələr üçün gender mədəniyyətini formalaşdıran fənlərin tədrisə daxil edilməsi yeni nəsildə daha balanslı və ədalətli sosial təsəvvürün yaranmasına xidmət edir. Əslində təhsil sisteminin bu istiqamətdə dönüş yaşaması bütövlükdə cəmiyyətdə baş verən zehni dəyişikliklərin göstəricisidir: gender bərabərliyi artıq məişət və stereotip çərçivəsində deyil, hüquqi, sosial və iqtisadi kontekstlərdə dərk edilir.”
Deputat qeyd edib ki, gender əsaslı zorakılıqla mübarizə sahəsində də mühüm addımlar atılıb, zərərçəkənlər üçün psixoloji və hüquqi dəstək xidmətləri genişləndirilib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq isə qadınların iqtisadi fəallığı, sosial müdafiəyə çıxışı və sahibkarlıq imkanlarının artırılmasına stimul verir:
“Dövlət siyasətinin mərkəzi elementlərindən biri gender əsaslı zorakılıqla mübarizə və sosial-müdafiə mexanizmlərinin gücləndirilməsidir. Son illərdə zorakılığın qarşısının alınması üzrə tədbirlərin koordinasiyası, zərərçəkənlərə sosial-psixoloji və hüquqi dəstək xidmətlərinin genişləndirilməsi, maarifləndirici kampaniyaların keçirilməsi institusional səviyyədə ardıcıl şəkildə həyata keçirilir. Bu proseslər həm hüquq-mühafizə orqanlarının, həm yerli icra qurumlarının, həm də vətəndaş cəmiyyəti təşkilatlarının fəal əməkdaşlığını tələb edir. Nəticə etibarilə gender zorakılığı mövzusu gizli və qapalı sferadan çıxaraq, real müdaxilə mexanizmləri ilə müşayiət olunan ictimai prioritetə çevrilir. Dövlətin gender siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi yer tutur. Bu əməkdaşlıqlar yalnız hüquqi uyğunlaşma və standartlarla tanışlıq üçün deyil, həm də praktiki mexanizmlərin təlim proqramlarının, monitorinq metodologiyalarının, gender statistikası sistemlərinin, məhkəmə-hüquq sahəsində gender təlimlərinin ölkəyə transferi baxımından əhəmiyyətlidir. Beynəlxalq tərəfdaşların analitik hesabatları və siyasi tövsiyələri Azərbaycanda qadınların iqtisadi fəallığı, əmək bazarında iştirak səviyyəsi, sosial müdafiə proqramlarına çıxış imkanları və sahibkarlıq resurslarından yararlanma sahələrində yeni yanaşmaların formalaşmasına stimul verir. Bu illər ərzində gender bərabərliyi sahəsində aparılan siyasətin ən mühüm tərəfi ondan ibarətdir ki, dövlət səviyyəsində gender məsələsi artıq məhdud sosial mövzu kimi deyil, idarəçilik, sosial rifah və inkişaf strategiyalarının bütöv bir elementi kimi dəyərləndirilir. Dövlət komitəsinin koordinasiya etdiyi çoxşaxəli fəaliyyətlər genderə dair milli strategiyaların hazırlanması, icra planlarının tətbiqi, müxtəlif sahələrdə gender balansının təhlili, təhsil və ictimaiyyət üçün maarifləndirici materialların hazırlanması bu istiqamətdə ardıcıl sistem yaradır.”
Elnarə Akimova bildirib ki, qarşıda duran əsas vəzifələr erkən yaşlardan gender mədəniyyətinin aşılanması, idarəçilikdə balanslı təmsilçiliyin gücləndirilməsi və regionlarda gender xidmətlərinin əlçatanlığının artırılması ilə bağlıdır:
“Gender bərabərliyi sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, həll olunmalı sosial və mədəni çətinliklər də qalmaqdadır. Cinsiyyət rollarına dair ənənəvi təsəvvürlər, bəzi sahələrdə qadınların qərarvermə sferasına daha az cəlb olunması, regionlar üzrə gender xidmətlərinin qeyri-bərabər əlçatanlığı bu siyasətin icrasında daha sistemli yanaşmalar tələb edir. Lakin məhz son illərdə aparılan işlər göstərir ki, dövlət sosial zehniyyət və idarəçilik sistemi arasındakı boşluğu tədricən aradan qaldırmağa çalışır. Gələcəkdə gender bərabərliyinin daha geniş tətbiqi üçün bir neçə istiqamət xüsusi əhəmiyyət kəsb edir: təhsildə gender mədəniyyətinin erkən yaşlardan formalaşdırılması, vəzifə bölgüsündə və idarəçilik strukturlarında balanslı təmsilçiliyin təşviqi, qadınların iqtisadi imkanlarının genişləndirilməsi, regionlarda gender xidmətlərinin real əlçatanlığını təmin edən infrastrukturun gücləndirilməsi və gender stereotipləri ilə mübarizədə mediaya yönəlik genişmiqyaslı proqramların həyata keçirilməsi. Bu istiqamətlər praktik nəticə göstərən, ölçülə bilən və davamlı proseslər tələb edir. Beləliklə, Azərbaycanda gender bərabərliyi sahəsində son beş ilin mənzərəsi ardıcıl normativ dəyişikliklər, dövlət proqramları, sosial kampaniyalar, təhsil islahatları və beynəlxalq əməkdaşlıqla müşayiət olunan kompleks inkişaf prosesini göstərir. Bu siyasətin uğuru ondan ibarətdir ki, gender bərabərliyi artıq təkcə qadınların müdafiəsi kimi deyil, bütövlükdə cəmiyyətin sağlamlığı, ədalətliliyi və səmərəliliyi üçün fundamental dəyər kimi qəbul olunur. Bu isə uzunmüddətli perspektivdə Azərbaycanın sosial-siyasi inkişaf xəritəsində mühüm dönüş nöqtəsi deməkdir.”
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında bildirib ki, Beynəlxalq Jurnalistlər Federasiyasının “Jurnalistlərin davranış prinsipləri haqqında bəyannamə”sinin 7-ci bəndində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin yolverilməz olduğu xüsusi qeyd edilir. Bu yanaşma dünyanın aparıcı media kodekslərində də öz əksini tapır:

“Cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi və ayrıseçkiliyin aradan qaldırılmasında ən önəmli faktorlardan biri də mediadır. Jurnalistlər gender bərabərliyinin hüquqi və etik tənzimləmələrini dəqiq bilməli, öz fəaliyyətlərində yanlışa yol verməməlidirlər. Qadın və kişilərin obrazının qərəzsiz, stereotiplərdən kənar şəkildə təqdim edilməsinə çalışmalıdırlar. Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən hazırlanmış “Jurnalistlərin davranış prinsipləri haqqında bəyannamə”nin 7-ci bəndində göstərilir ki, “…cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkilik yolverilməzdir”. Bu prinsip dünyanın demokratik ölkələrində xəbər istehsalçıları üçün hazırlanmış etika məcəllələrində təkrarlanır.”
Müşfiq Ələsgərli bildirib ki jurnalistlər həm hüquqi, həm də etik prinsipləri dərindən bilməli və gender stereotiplərinə yol verməməlidirlər:
“Xəbər istehsalı zamanı gender bərabərliyinə sayqılı yanaşmanı təmin etmək üçün Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi” 2018-ci ilin may ayında gender bərabərliyi kontekstində yenilənmişdir. Gender bərabərliyini qoruyan və cinsi-ayrıseçkiliyi inkar edən müddəalarla yenilənmiş versiya xəbər istehsalçılarına anlaşıqlı istiqamətlər verir.”
Bununla belə, ekspert mediada hələ də ciddi problemlərin qaldığını vurğulayıb. Onun sözlərinə görə, bəzi KİV-lər diqqət çəkmək və reytinq qazanmaq məqsədilə gender stereotiplərinə yol verir:
“Bütün bunlara rəğmən, media üzərindən yayımlanan materiallarda mövzu üzrə problemlər müşahidə edilməkdədir. KİV işçiləri bəzən fərqinə varmadan, bəzən isə oxucu auditoriyasını sensasiya yaratmaq vasitəsilə cəlb etmək məqsədilə (reytinq xatirinə) gender bərabərliyinin pozulmasına gətirib çıxaran təhriflərə yol verirlər. Xüsusi olaraq kriminal hadisələrin təqdimatı zamanı ölkənin hətta professional media subyektlərində də birbaşa əlaqə olmadan cinsi ayrı-seçkiliyə yol verilir, hadisələrin və xəbərin mahiyyətinə aidiyyəti olmadan subyektin cinsi önə çəkilir, fərqləndirilir. Cinsi mənsubiyyət amili aşlıqlara, manşetlərə çıxarılır. KİV-lər xəbərlərin təqdimatı zamanı hadisənin mahiyyətini izah etmədən, “qadın sürücü”, “qadın oğru”, “dələduz qadın” və sair kimi ifadələrdən istifadə edirlər. Medianın birinci funksiyası xəbər vermək, hadisənin mahiyyətini, səbəbini təsvir etməkdir. Baş vermiş qəza, yaxud olay haqqında xəbər başlıqlarında qadınların cinsi kimliyinin qabardılması yolverilməzdir. “Kişi sürücü”, “kişi həkim”, “dələduz kişi” və sair demədiyimiz kimi, “qadın sürücü”, “qadın həkim” kimi ifadələrin işlənilməsindən də uzaq durmaq lazımdır.”
Məsimə Məmmədova












