General Fuad Məmmədovun ƏMLAK QALMAQALI: "4 ildir NƏTİCƏ YOXDUR" – ŞİKAYƏT/VİDEO
2020-ci il avqustun 10-da ürək çatışmazlığından vəfat edən general-leytenant Fuad Məmmədovun əmlaklarının bölünməsi ilə bağlı problem hələ də öz həllini tapmayıb.
Yenicag.az xəbər verir ki, mərhum generalın varisləri arasında əmlak bölgüsü ilə əlaqədar 4 ilə yaxındır davam edən məhkəmə prosesi nəticəsiz qalıb. Generalın həyat yoldaşı Gülsuqra Məmmədovanın sözlərinə görə, hansısa şəxsi maraqlar naminə məhkəmə prosesi süni şəkildə uzadılır:
“4 il ərzində təyin olunan 4 ekspert dəfələrlə baxış keçirmələrinə baxmayaraq, işi qəsdən ləngidir və prosesi süni şəkildə uzadırlar. Onların bu davranışı açıq şəkildə hansısa maraqların güdüldüyündən xəbər verir. Ədalətin bərqərar olmasından çox, şəxsi mənafelərini önə çəkmələri təkcə hüquqi prinsiplərə deyil, cəmiyyətin ədalətə olan inamına da zərbə vurur”.
Bu görüntü 17 noyabr 2024-cü il tarixinə aiddir. Belə ki, şikayətçinin sözlərinə görə, həmin tarixdə ekspertiza üçün təyin edilən Amil adlı ekspert sözügedən əmlaka gəlsə də mənim kefim belə istəyir işə baxmıram dedi.
Mövzü ilə bağlı 11 aprel 2025-ci il tarixində saat 15:00 radələrində Mərdəkan ərazisində yerləşən mübahisəli əmlaka baxış keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza təyin olunub. Lakin ekspertlərlə birgə müşahidə aparmaq üçün əməkdaşımız əraziyə getsə də, gözlənilməz mənzərə ilə qarşılaşıb. Belə ki, saatlarla gözlənilməsinə və dəfələrlə zəng olunmasına baxmayaraq, Təhmasib adlı ekspert hadisə yerinə gəlməyib.
Bildirilir ki, uzun müddət gözlədikdən sonra isə məlum olub ki, ekspertiza prosesi əvvəlcədən hər hansı rəsmi xəbərdarlıq edilmədən ləğv edilib və başqa tarixə təxirə salınıb. Şikayətçi bu durumdan narazılığını belə ifadə edib: “Artıq 4 ildir məsələ öz həllini tapmır. Bilmirəm, niyə? Bəlkə də hansısa maraqlar üçün proses uzadılır? Fikirləşdim ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsinə yeni təyin olunan Elşən Albəndovdan sonra vəziyyət dəyişər. Ancaq dəyişən heç bir şey olmadı. Bu gün də təyin olunan ekspertizanın xəbər edilmədən vaxtının dəyişdiyini gördük”.
Sözügedən məsələdə adıçəkilən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq