Geosiyasi şahmatda qrosmeyster gedişi: İlham Əliyev Avropa cəbhəsini belə parçaladı – Aqil Ələsgər yazır
Avropa illərlə Azərbaycana təzyiq dili ilə danışmağa öyrəşmişdi. Qətnamə, şantaj, “insan haqqları” adı altında siyasi hücumlar… Amma indi vəziyyət dəyişib. Çünki qarşılarında əvvəlki Azərbaycan yoxdur.
Bu gün Brüsselin özü belə parçalanıb. Bir tərəfdə Fransa kimi köhnə imperial düşüncə ilə yaşayanlar var, digər tərəfdə isə anlayırlar ki, Azərbaycansız nə enerji var, nə təhlükəsizlik, nə də Cənubi Qafqazda sabitlik.
Dünən Bakıya barmaq silkələyənlər bu gün sıraya düzülüb Azərbaycana gəlirlər. Kaya Kallas Bakıda “etibarlı tərəfdaş” deyir, Ciorcia Meloni strateji əməkdaşlığı genişləndirir. Yəni İlham Əliyev Avropanı güclə yox, ağılla parçaladı. İndi Brüssel sərt danışsa da, sonda yenə Bakının qapısını döyür. Çünki reallıq birdir: Avropa Azərbaycansız nə edəcəyini bilmir.
Prezident İlham Əliyevin əsas uğuru da məhz burada ortaya çıxır. O, Avropanın içindəki bu parçalanmanı düzgün oxudu və Azərbaycanı “təzyiq edilən ölkə” yox, “ehtiyac duyulan tərəfdaş” səviyyəsinə qaldırdı. Bu artıq sıradan diplomatiya deyil, bu, geosiyasi şahmatdır.
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” zirvəsində dediyi sözlər, əslində, Avropanın iç üzünü açdı: “Avropa Parlamenti beş ildə Azərbaycanla bağlı 14 qətnamə qəbul edib. Bu artıq aludəçilikdir”. Bu ifadə təsadüfi deyildi. Çünki Azərbaycan artıq açıq danışır. Bakı anlayır ki, Avropanın müəyyən institutları xüsusilə Fransa xətti üzərindən regionda sülhü yox, gərginliyi saxlamaq istəyir.
Ancaq problem ondadır ki, həmin Avropa paralel olaraq Azərbaycansız da qala bilmir.
Bir tərəfdən Avropa Parlamenti Azərbaycana qarşı qətnamələr qəbul edir, digər tərəfdən isə Avropa Komissiyasının rəhbərliyi Bakıya gəlir, enerji müqavilələri imzalayır, Azərbaycan qazını “Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyətli” adlandırır. Bu paradoks İlham Əliyevin qurduğu yeni balans siyasətinin nəticəsidir.
Kaya Kallasın Bakıya səfəri bunun ən açıq mesajlarından biri oldu. Avropa İttifaqının xarici siyasət rəhbəri açıq şəkildə dedi: “Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır”. Bu cümlə, əslində, Brüsselin etirafıdır. Çünki bir neçə il əvvəl Azərbaycana qarşı sərt ritorika quran dairələr bu gün enerji təhlükəsizliyi naminə Bakının qapısını döyürlər.
Təkcə Kaya Kallas da deyil. Son aylarda Azərbaycana səfər edən liderlərin siyahısı çox şey deyir. İtaliyanın Baş naziri Ciorcia Meloni Bakıya gəldi və Azərbaycanla münasibətləri “strateji dostluq” adlandırdı. Çexiya rəhbərliyi enerji əməkdaşlığını genişləndirdi. Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmaslar davam edir. Bunlar təsadüfi diplomatik görüşlər deyil. Bunlar Avropanın yeni reallığı qəbul etməsidir.
Ən maraqlısı isə budur: Azərbaycan bu gücü təkcə enerji ilə qazanmayıb.
Bəli, qaz amili vacibdir. TAP, Cənub Qaz Dəhlizi, Avropaya gedən enerji xəritəsi Bakının əlində ciddi kartdır. Amma məsələ tək enerji deyil. Azərbaycan artıq regionun logistika mərkəzinə çevrilir. Orta Dəhlizdən tutmuş, TRIPP layihələrinə qədər bütün yeni kommunikasiya xəttləri Bakı üzərindən keçir. Avropa anlayır ki, Cənubi Qafqazda sabitlik istəyirsə, bunu Azərbaycansız edə bilməz.
Məhz buna görə bu gün Brüssel və İrəvan belə regional inkişafı Bakısız təsəvvür edə bilmir. Ermənistan-Aİ sənədlərində belə kommunikasiya layihələri müzakirə olunanda Azərbaycanın adı dolayısı ilə qəbul edilir. Çünki coğrafiyanı dəyişmək mümkün deyil. Regionun iqtisadi ritmini müəyyən edən əsas aktor Azərbaycandır.
Burada daha bir mühüm detal var. Avropanın böyük hissəsi artıq anlayır ki, Azərbaycanla qarşıdurma siyasəti nəticə vermir. Fransa və ona yaxın bəzi dairələr hələ də “köhnə üsul” düşüncəsindədir. Amma İtaliya kimi dövlətlər tam fərqli xətt aparır. Roma Bakı ilə strateji tərəfdaşlığı genişləndirir, müdafiə sənayesində əməkdaşlıq edir, enerji təhlükəsizliyini Azərbaycan üzərində qurur. Bu, Avropanın daxilində geosiyasi parçalanmadır.
Prezident İlham Əliyev də məhz bu çatları düzgün hesablayıb. O, Avropaya qarşı emosional yox, rasional siyasət qurdu. Bir tərəfdən sərt danışdı, digər tərəfdən əməkdaşlıq qapısını açıq saxladı. Nəticədə Avropa Azərbaycana qarşı vahid mövqe formalaşdıra bilmədi.
Əslində, bu gün Bakı ilə Brüssel arasında münasibətlər artıq “təzyiq edən-təzyiqə məruz qalan” modeli deyil. Azərbaycan oyunun qaydalarını dəyişib. İndi Avropa seçim qarşısındadır: ya ideoloji hücumları davam etdirib regionda təsir imkanlarını itirəcək, ya da Bakı ilə praqmatik əməkdaşlıq modelinə keçəcək. Görünən odur ki, Avropanın böyük hissəsi artıq ikinci yolu seçir. Çünki enerji böhranı, Ukrayna müharibəsi, logistika savaşları və qlobal qeyri-sabitlik fonunda Azərbaycan Avropa üçün sadəcə Cənubi Qafqaz dövləti deyil. Azərbaycan artıq təhlükəsizlik, enerji və nəqliyyat düyünüdür. Bu isə o deməkdir ki, Brüsseldə nə qədər hay-küy qaldırsalar da, reallığı dəyişə bilmirlər. Çünki artıq masanı quran da, oyunun ritmini müəyyən edən də Azərbaycandır. Avropa illərlə hökm edən tərəf olduğunu düşündü, amma indi özü müdafiəyə çəkilib.
İlham Əliyev isə təkcə siyasi gediş etmədi – güc balansını dəyişdi. Dünən Azərbaycana yuxarıdan baxanlar bu gün Bakının qapısında “strateji tərəfdaşlıq” axtarırlar. Çünki anlayırlar: bu regionda artıq son sözü Bakı deyir.
Azərbaycan artıq oyunda iştirak edən ölkə deyil. Azərbaycan oyunun qanununu yazan dövlətdir. Avropa isə ilk dəfə anlayır ki, qarşısında təzyiq ediləcək yox, hesablaşılacaq güc var. Gec də olsa, bu həqiqətlə yaşamağa məhkum olduqlarını da anlayırlar. Dirənənlər olacaq, ancaq bu, müzəffər Azərbaycanı qəbul etmək gerçəkliyini dəyişməyəcək.
Aqil Ələsgər












