“Gömrük savaşları”nda NÖVBƏTİ HƏMLƏ: “Qoca qitə”nin iqtisadi vəziyyəti AĞIRLAŞIR
“ABŞ Çinlə iqtisadi müharibəyə girib”.
Bu sözləri Yenicag.az-a politoloq Zeynal Əmrəliyev bildirib.
Politoloq son günlər ABŞ və Çin arasında yaranan iqtisadi gərginliyi şərh edərək qeyd edib ki, bu iqtisadi savaşa hər iki tərəf Tramp hakimiyyətə gəlmədən öncə başlamışdı:
“Donald Trampın seçkiqabağı kampaniyasında bilinirdi ki, hakimiyyətə gələrsə, Çinlə iqtisadi savaşa girişəcək. Həqiqətən belə də oldu. Faktiki cəhətdən ABŞ Çinlə iqtisadi müharibədədir. Çin də buna eyni cür cavab verir. Hələ buna hazırlıq keçən ildən etibarən – Tramp Respublikaçılar Partiyasında prezidentliyə iddiasını irəli sürdüyü vaxtdan başlamışdı. Çin də elə o vaxtdan ABŞ-la iqtisadi müharibəyə hazırlıq görürdü. Mərkəzi Asiya ölkələri ilə çox geniş ticarət əlaqəsi saxlayırdı, Rusiya ilə əlaqələrini möhkəmləndirmişdi, İranla müntəzəm şəkildə Çin rəhbərliyi görüşlər keçirirdi. Hətta, ABŞ-nin ənənəvi müttəfiqi olan Avropa ölkələri ilə çox sıx əməkdaşlıq mühiti qurmağa çalışmışdı. Açığı, Avropa ölkələri də buna maraqlı idi”.
Z. Əmrəliyev həmçinin qeyd edir ki, Çin ABŞ-nin bu sanksiyalarına daha kəskin cavab verəcək:
“ABŞ Çinə qarşı sanksiyaları tətbiq etdikdə təbii olaraq rəsmi Pekin də buna eyni reaksiya ilə cavab verəcəkdi. Bu gərginlik sadəcə bu iki dövlətin deyil, ümumilikdə bütün dünyanın, əsasən də onlarla bağlılığı olan ölkələrin iqtisadi vəziyyətinin gərginləşməsinə səbəb olacaq amildir. Bu dünya iqtisadiyyatı üçün normal hal deyil. Nəzərə alaq ki, Avropa ölkələrinin də iqtisadi vəziyyəti yaxşı deyil. Sonuncu maliyyə böhranından sonra Avropada gərginləşmə hökm sürür, qitə iqtisadi təlatüm içindədir. Bu kimi hadisələr “qoca qitə”nin iqtisadi vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarır”.