Hərracda tarixi rekord: 67 milyon illik dinozavr skeleti görünməmiş qiymətə satıldı
Nyu-Yorkda təşkil olunan auksionda nəhəng Tiranozavr (T-Rex) skeleti cəmi 10 dəqiqə ərzində 50,1 milyon dollara alıcı taparaq dünya rekordu vurub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur “Sotheby’s” hərrac evində unikal paleontoloji tapıntı satışı həyata keçirilib. Tarixin ən nəhəng yırtıcılarından sayılan 67 milyon illik Tiranozavrın (Tyrannosaurus rex) skeleti auksiona çıxarılıb.
Paleontologiya tarixində indiyədək aşkar edilmiş ən iri və bütövlüyünü qoruyub saxlamış skeletlərdən biri hesab olunan və “Qas” (Gus) adı verilən eksponat uğrunda 7 iddiaçı mübarizə aparıb. Gərgin keçən və cəmi 10 dəqiqə davam edən hərracın yekununda skelet rekord məbləğə 50,1 milyon dollara satılıb.
Hündürlüyü təqribən 4 metr olan bu eksponat rəsmən hərrac vasitəsilə satılan “ən baha dinozavr fosili” kimi tarixə düşüb. Qeyd edək ki, ekspertlər hərracdan öncə “Qas”a 20-30 milyon dollar arasında qiymət qoymuşdular. Lakin real tələb proqnozları ikiqat üstələyib.
Sözügedən dinozavr skeleti 2021-ci ildə ABŞ-nin Cənubi Dakota ştatındakı xüsusi mülkiyyətdə olan fermada aşkarlanıb. Ərazidə aparılan qazıntı işləri 2023-cü ilə qədər davam edib və tapıntıya torpaq sahibinin şərəfinə Qari “Qas” Likinq (Gary “Gus” Licking) adı verilib. Dağınıq halda tapılan sümüklərin laboratoriya şəraitində təmizlənməsi və skeletin tam bərpası paleontoloqların 3 illik gərgin əməyi sayəsində başa gəlib.
Xatırladaq ki, bundan əvvəlki dünya rekordu 2024-cü ildə yenə “Sotheby’s” hərracında 44,6 milyon dollara özəl kolleksiyaya satılan “Apeks” (Apex) adlı Steqozavr (Stegosaurus) fosilinə məxsus idi.
Ayşən













