“Bloomberg” agentliyi son analizində neft erasının bitdiyini proqnozlaşdırıb. Agentliyin gəldiyi nəticəyə görə, müasir texnologiya sayəsində elektromobillər ucuz başa gəlir. Bu isə bir neçə ildən sonra neftə olan tələbatın kəskin azalması ilə müşayiət olunacaq. Belə olan halda 2021-ci ildə “qara qızıl”ın bir bareli 20, 2024-cü ildə isə daha da ucuzlaşaraq 10 dollara düşəcək. Bloombergə görə, mövcud vəziyyətdə OPEC 2028-ci ildə dağılacaq.
Görəsən, “Bloomberg”in bu açıqlaması nə dərəcədə həqiqəti əks etdirir?
Neft və qaz məsələləri üzrə ekspert İlham Şaban Yenicag.az-a açıqlamasında “Bloomberg” agentliyinin neftin qiymətilə bağlı proqnozunun reallıqdan uzaq olduğunu bildirdi: “TOTAL, Şelf, BP kimi şirkətlərin 2035-2050-ci illər üçün olan proqnozlarına baxdıqda görərik ki, hətta 2040-cı ildə neft dünya enerji bazarında bir nömrəli enerji resursu olaraq qalacaq. Avropada alternativ enerji ilə bağlı direktiv qəbul edilib. Bu direktivə əsasən 2020-ci ildə onun xüsusi çəkisinin 20, 2030-cu ildə isə 27 faizə qədər artırılması nəzərdə tutulub. Alternativ enerjidə isə ən çətin məsələ yığılan enerjinin saxlanılması məsələsidir. Hazırda dünyada il ərzində 4 milyard tona qədər neft istehlak edilir. Orta qiymət də 60 dollardır. Belə olan halda 7 ildən sonra neftin qiymətinin 10 dollara düşməsi ehtimalı o qədər də ciddi səslənmir.
Bunun üçün bazarda neftə tələbət kəskin azalmalı, onu alan olmamalıdır. Bu isə reallıqdan uzaqdır. 1900-cü ildə dünyada 20 milyon ton neft hasil ediləndə bəyan etdilər ki, enerji bazarında kömürə qarşı alternativ yanacaq gəlir. O zaman qeyd edirdilər ki, 20 ilə kömür erası başa çatacaq. Ancaq bu günə qədər kömür hasilat həcminə görə neftdən sonra ikinci yeri qoruyub saxlamaqdadır. Artıq dünyada özünü tamamilə alternativ enerjilə təmin edən 5 şəhər var. Lakin alternativ enerjidən istifadə edənlərin ümumi sayı 1 milyardı keçmir. Dünya əhalisinin sayı isə 7 milyarddır. Üçüncü dünya ölkələri ənənəvi enerji mənbələrindən asılı olaraq qalmaqdadır. Bu amillər onu deməyə əsas verir ki, yaxın 4-7 il ərzində neft qiymətinin 20 və 10 dollaradək ucuzlaşmasıyla bağlı səslənən proqnozlar reallıqdan uzaqdır”.
ELÇİN
www.yenicag.az