“Son dövrlər Gürcüstan-Qərb münasibətləri enişə doğru istiqamət alır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.
O Gürcüstan hakimiyyəti ilə ABŞ arasında yaranan gərginlikdən, habelə Gürcüstanın BMT-də iştirak edən hökumət üzvlərinin prezident Co Baydenlə görüşünün ləğv edilməsi məsələsindən söz açıb.
Politoloq xatırladıb ki, 2003-cü ildə Gürcüstandakı “Qızılgül inqibalı” nəticəsində Mixeil Saakaşvili hakimiyyətə gəldi və bunun da nəticəsində ABŞ Cənubi Qafqazda özünə böyük bir mövqe əldə etmiş oldu:
“Bunun nəticəsində də Gürcüstan hökuməti və Saakaşvili hakimiyyətinə Qərbdən böyük dəstək var idi, maliyyə yardımları təmin olunurdu. Bunlar bir müddət davam etdikdən sonra 2012-ci ildə situasiya Rusiyanın xeyrinə yenidən dəyişdi. Belə ki, Rusiyada yaşayan milyarder Bidzina İvanişvili Gürcüstanda xalqın seçimi nəticəsində hakimiyyətə gəldi. Gürcüstan dövlətinin siyasəti bundan sonra yenidən Rusiyaya tərəf dönməyə başladı. Bu, açıq-aydın özünü göstərir ki, ABŞ-Gürcüstan gərginliyi də bu timsalda baş verməyə başlayır. Əvvəl Qərbə istiqamət almış, Avropa İttifaqına qoşulmaq istəyən, NATO ilə geniş əməkdaşlıq edən Gürcüstan bu siyasətdən geri dönərək regiondakı vəziyyəti nəzərə alıb maksimum səviyyədə Rusiya ilə gərginlik yaratmamağa çalışır və Qərbin diktəsini təmin etməmək istəyir”.
Onun fikrincə, ABŞ də Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməkdən ötrü indi daha çox Ermənistan üzərindən siyasətini həyata keçirmək niyyətindədir:
“Birləşmiş Ştatlar Rusiyanı Ermənistandan sıxışdırıb çıxararaq, bu ölkəni Gürcüstanla əvəz etmək fikrindədir. Gürcüstanda oktyabrın 26-da növbəti parlament seçkiləri olacaq. Bir çox müşahidəçilər bildirir ki, bu seçkilər gərgin vəziyyətdə keçəcək və gərgin atmosfer indi də davam edir. Daha çox Gürcüstanda kimin hakimiyyətə gəlməyi Qərb-Rusiya gərginliyi timsalında özünü göstərir. Çünki hər iki tərəf dəstəklədikləri qrupun hakimiyyətdə olmasının tərəfdarıdır.
Rusiya İvanişvili hakimiyyətinin qalmasını, Qərb isə ölkədə Qərbyönümlü siyasi şəxslərin hakimiyyətə gəlməsində maraqlıdır. Eyni zamanda, Gürcüstanda Qərbin təsirini azaltmaqdan ötrü “Xarici şəffaflığın təmin edilməsi” haqqında qanunun qəbul edilməsi böyük müzakirələrə səbəb oldu. Qərb ölkələri həmin qanunun Gürcüstanda qəbul olunmasını istəmirdi, halbuki sözügedən qanun elə 1938-ci ildə ABŞ-də SSRİ-yə qarşı qəbul olunmuşdu. Lakin Vaşinqton həmin qanunun başqa ölkələrdə qəbul olunmasını istəmir. Ona görə ki, belə olan təqdirdə, həmin ölkələrə təsiretmə mexanizmi məhdudlaşır.
“Xarici şəffaflığı təmin edilməsi” haqqında qanun xaricdən maliyyələşən şəxslərə, əsasən də QHT-lər və digər ictimai qurumlara məhdudiyyət tətbiq edir. Yəni həmin maliyyəni alan şəxslərin qeydiyyatda olmasını və hansı çərçivədə onu maliyyəşdirən qurumların maraqlarını təmin edəcəyini müəyyənləşdirən bir qanun Tbilisi hakimiyyəti tərəfindən qəbul edilmişdi. Ona görə də Qərbin buna etirazı yüksəkdir”.
Y.Hacızadə diqqətə çatdırıb ki, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cu sammitində də Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Co Baydenlə görüşün ləğv edilməsi 2 dövlət arasında yaranan gərginliyin nəticəsidir:
“ABŞ Gürcüstanı Cənubi Qafqazın və Orta Asiyanın uzunmüddətli qapısı kimi görürdü və bütün kommunikasiya xətlərinin bu ölkədən keçirilməsini dəstəkləyirdi. İndi isə ABŞ alternativ olaraq Zəngəzur dəhlizinin açılmasını və kommunikasiyaların Zəngəzur dəhlizi vasitəsilə daşınmasını və bununla da Ermənistanın böyük gəlirlər əldə etməsini istəyir. Eyni zamanda, bu, həmçinin Gürcüstan hökumətini cəzalandırmaq məqsədi daşıyır.
Şübhəsiz ki, Gürcüstan hökuməti də regionda baş verənləri, əsasən də Rusiya-Ukrayna müharibəsini nəzərə alaraq addım atır. Çünki artıq region ölkələri Qərbin təzyiqi ilə Rusiya ilə münasibətləri gərginləşdirmək yolundan qaçır ki, bu da ağlabatan bir siyasətdir. Rusiya Gürcüstana qonşu ölkədir, onun Gürcüstan kimi etnik münaqişəsi olan ölkələrə təsiretmə mexanizmləri qalır. Gürcüstan mediasının yazdığına görə Rusiya-Gürcüstan danışıqları aparılır ki, Rusiyanın işğalında olan Abxaziya və Cənubi Osetiya hər hansı bir formada Gürcüstana qaytarılsın və bunun mexanizmləri müəyyən olunsun”.
O, hesab edir ki, bu məsələləri nəzərə alaraq, Tbilisi administrasiyası Moskva ilə gərginlikdən qaçır və münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır:
“Bütün bunlar isə Qərbin maraqlarına uyğun deyil, çünki Qərb Rusiya ilə gərginlikdə maraqlıdır və daha çox ölkələrin bu sanksiyalara qoşulmasını istəyir. Eyni zamanda, Cənubi Qafqaz önəmli bir coğrafi mövqedir və beynəlxalq güclərin hamısının marağı var ki, regionda təşəbbüsü ələ keçirsin. Gürcüstan da coğrafi baxımdan önəmli mövqedədir. Ona görə də beynəlxalq qüvvələr çalışırlar ki, öz mövqelərini burada qoruyub saxlaya bilsinlər”.
Rafi Müslümov
www.yenicag.az