"Zəfər günü ədalətin, milli iradənin təntənəsidir" - RƏY

media-hightechnic-468x90

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir.

8 noyabr xalqımız üçün ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda 30 ilə yaxın müddətdə apardığı mübarizəyə yekun vurulmuş gündür. 8 noyabrı – Zəfər Gününü Azərbaycan xalqı böyük milli qürur duyğusu ilə qeyd edir. 2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biridir.

media-c311eb55-e31b-42c2-b6aa-dc47a070cf5b

Bu gün rəşadət günümüz, milli ədalətin bərpa olunduğu gündür.

Məhz bu günü – Şuşanın işğaldan azad olunduğu günü Azərbaycan xalqı Vətən müharibəsindən sonra əldə etdiyi qələbənin simvoluna çevirərək böyük qürur hissi ilə qeyd edir.

XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində müstəqilliyin ilk illərində ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsi işğal altında düşdü. 1988-ci ildən başlayan qanlı müharibə 1994-cü ilin may ayında atəşkəs sazişinin imzalanması ilə nəticələndi. Keçən dövr ərzində Azərbaycan beynəlxalq hüquqa sadiq qalaraq işğal edilmiş ərazilərini sülh və danışıqlar yolu ilə geri qaytarmağa çalışmışdır. Münaqişənin nizama salınması üçün hüquqi zəmin var idi.

Belə ki, dövlətimizin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin mövcudluğu buna əsas verirdi.

Lakin beynəlxalq qurumlar məsələnin həllində qətiyyətsizlik göstərmiş və təcavüzkarı öz adı ilə çağırmaqdan boyun qaçırmışlar. Danışıqlar prosesində vasitəçi roluna gətirilmiş ATƏT-in Minsk qrupu bu və ya digər şəkildə sonu görünməyən danışıqlarla vaxtı uzatmış və münaqişənin həllində heç bir ciddi nəticə əldə edilməmişdir. Ermənistan tərəfi isə xarici havadarlarına arxalanaraq işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətini genişləndirilməklə, işğal altında saxladığı Azərbaycan torpaqlarının maddi və mənəvi sərvətlərini talan etməklə, Azərbaycan torpaqlarını viran qoymaqla əsl mərkli niyyətlərini üzə çıxardı.

Lakin Azərbaycan Respublikası torpaqlarının bir hissəsinin işğalı, erməni qəsbkarları tərəfindən zəbt edilməsi ilə heç vaxt barışmamış, bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacağını dəfələrlə bəyan etmişdi. Bunun üçün ölkə iqtisadiyyatının, ordusunun, müdafiə sənayesinin inkişafına istiqamətlənən dövlət siyasəti yeridildi.

Hərbi quruculuq sahəsində geniş miqyaslı islahatlar aparılaraq müasir peşəkar ordu yaradıldı.

2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələri növbəti təcavüzkar hərəkətlərinə cavab olaraq Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatına başladı. Ölkədə qismən səfərbərlik elan edildi.

Azərbaycan gəncləri əsl birlik və qəhrəmanlıq nümayiş etdirdilər. Minlərlə gənc səfərbərlik məntəqələrinə gələrək könüllü şəkildə ordu sıralarına yazıldılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın zəfər tarixini yazdılar.

Ordumuz günbəgün irəliləyərək işğalçı qüvvələrə ağır zərbələr endirir, düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv edirdi. Dəqiq hesablanmış hərbi taktika, müasir silahlardan məharətlə istifadə Ermənistanı təşvişə saldı və düşmən ordusunda fərarilik artmağa başladı.

Ordumuz bir-birinin ardınca düşmən tapdağında olan torpaqlarının böyük bir hissəsini, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, Hadrut və Suqovuşan qəsəbələrini, ümumilikdə 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi. Noyabrın 8-də Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşa düşmən əsarətindən xilas edildi.

44 günlük Vətən müharibəsinin yekunu olan 10 noyabr 2020-ci il tarixli Ermənistanın kapitulyasiya aktını imzalaması onun ordumuz qarşısında duruş gətirə bilməməsinin təsdiqi idi. 10 noyabr Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikası arasında imzalanmış “Üçtərəfli bəyanat”a əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilməli idi. Beləliklə, döyüş meydanında qazanılan qələbənin siyasi-diplomatik müstəvidə də təsdiq edilməsi ilə bu ərazilər müharibəsiz yolla Azərbaycana qaytarıldı.

Bu dövrdə Azərbaycan xalqı ordu ilə möhkəm, qırılmaz birliyini nümayiş etdirdi. Ölkəmizdə həmçinin bütün siyasi qüvvələr düşmən üzərində qələbənin əldə edilməsi, torpaqlarımızın işğaldan azad edilməsi ideyası ətrafında birləşdilər. Bu birlik ölkə rəhbəri ilə xalqın birliyinin təcəssümü idi.

Azərbaycançılıq ideallarından güc alan xalqımızın milli birliyi döyüş meydanında düşmənə endirilən “dəmir yumruğa” çevrilərək qələbənin mühüm amillərindən biri olmuşdur. Diplomatik sahədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, döyüş meydanında qəhrəman Azərbaycan əsgəri, arxa cəbhədə isə Azərbaycan xalqı birgə mübarizə apararaq əsl qalibiyyəti əldə etdi.

Prezident İlham Əliyevin xarici media nümayəndələrinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin jurnalistlərinə verdiyi müsahibələr, onların bəzən provakasiya xarakterli suallarına böyük qətiyyət və cəsarətlə verdiyi cavablar, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatırılmasını və Azərbaycanın savaşının haqq savaşı olmasının sübutu oldu.

Müharibə dövründə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozması, qeyri-hərbi obyektlərə, cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrə Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumları nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır. Dinc əhaliyə qarşı düşmənin vəhşilik əməlləri, cinayətləri terrorizm aktı və bütünlükdə insanlıq əleyhinə olan cinayət hesab olunur. Lakin Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl etmiş, Ermənistanın yalnız və yalnız hərbi obyektlərini hədəfə almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir.

Azərbaycanın suverenliyinin və Konstitusiyasının bütün ölkə ərazisində bərqərar olunması tarixi isə 2023-cü ilin 19-20 sentyabrında 23 saat müddətində həyata keçirilən antiterror əməliyyatı nəticəsində mümkün oldu. Antiterror tədbirləri nəticəsində düşmən tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu. Qarabağ torpağı qeyri-azərbaycanlı ünsürlərdən və onların yaratdığı dırnaqarası hakimiyyətdən və cinayətkar rejimdən təmizləndi. Xankəndi şəhərində, Xocalı, Xocavənd, Şuşa, Ağdərə rayonlarında, Əsgəran qalasında Azərbaycan bayrağı qaldırıldı. Bu nailiyyət Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu hesab olunur.

Bununla da, Azərbaycan öz siyasi qüdrətini nümayiş etdirərək, hərbi gücü və qüvvəsini ortaya qoyaraq son iki yüz ilə yaxın dövrdə erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoydu. Azərbaycan Cənubi Qafqazın geosiyasi reallığını dəyişdi. Regionun söz sahibi, lider dövləti statusunu möhkəmləndirdi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, dağıdılmış, yerlə-yeksan edilmiş kənd və qəsəbələrin yenidən inşası həyata keçirilir. Bölgənin gələcək iqtisadi və mədəni, mənəvi inkişafının təməlləri atılmaqdadır. Keçmiş qaçqın və məcburi köçkünlər “Böyük Qayıdış”la mərhələli şəkildə öz ata-baba torpaqlarına qayıdırlar.

Bu ilin avqust ayında Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Respublikası Prezidenti və Ermənistan Respublikası Baş naziri arasında imzalanan və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymaqla və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açmışdır.

Azərbaycan əldə olunmuş razılaşma ilə Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvan Muxtar Respublikasına yolun açılması, bölgədə nəqliyyat-kommunikasiya sisteminin yaradılması və inkişaf etdirilməsi üçün tarixi zəmin əldə etdi. Ölkəmiz bu gün öz haqlı mübarizəsində əldə etdiyi qələbə ilə regionda təkcə stabilliyə nail olmadı, eyni zamanda regionun gələcək inkişafı üçün böyük perspektivlər vəd edən, tranzit layihələrdə əhəmiyyətli rol oynayacaq Zəngəzur dəhlizinin reallaşması üçün aktiv siyasi fəaliyyət nümayiş etdirir. Bu dəhliz Çindən Avropa gedən yolları, qitələri birləşdirən mühüm nəqliyyat bağlantısının əhəmiyyətli parçasına çevriləcəkdir.

Ölkəmizin əldə etdiyi siyasi və hərbi uğurlar Azərbaycan xalqının qətiyyətini, dövlətimizin siyasi iradəsini, müzəffər Ordumuzun qəhrəmanlığını, xalqımızın birliyini nümayiş etdirir. Azərbaycan xalqı gözünü qırpmadan ölümə gedən, torpaqlarımızın düşmən tapdağından təmizlənməsi uğrunda canından keçən qəhrəman Azərbaycan övladları, ölməz şəhidlərimizin ruhunu həmişə əziz tutur, şanlı qələbəmizin əldə olunmasında onların şücaətlərini yüksək qiymətləndirir. Bu qəhrəmanlıq, rəşadət savaşı tarix boyu qürur mənbəyimiz olacaqdır. Tarixi ədalətin bərqərar olunduğu, haqlı mübarizəmizin qeyd olunduğu Zəfər günümüz mübarək!

Mehdizadə Günel Zəfər qızı
AMEA, Tarix və Etnologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa