"Azad edilmiş torpaqlarda dalğalanan bayraq xalqımızın əzmini nümayiş etdirir" - DEPUTAT
“Dövlət Bayrağı Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla, milli suverenliyin, azadlığın və müstəqilliyin rəmzi kimi dəyərləndirilir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O xatırladıb ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan, ortasında ağ aypara və səkkizguşəli ulduz təsviri yerləşdirilmiş dövlət bayrağı qəbul edildi:
Onun sözlərinə görə, Dövlət Bayrağı Gününün təsis edilməsi bayrağa olan hörmətin və məhəbbətin təzahürü kimi mühüm əhəmiyyət daşıyır.
“2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü təsis edildi. Bu qərar dövlət rəmzlərinə, xüsusilə də bayrağa olan hörmətin və məhəbbətin təzahürü kimi mühüm əhəmiyyət daşıyır. Dövlət Bayrağı bu gün hər bir vətəndaşın qəlbində qürur mənbəyidir. O, Vətənimizin müstəqilliyini, ərazi bütövlüyünü və xalqımızın birliyini təcəssüm etdirir. Bayrağımız torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın qanı ilə daha da müqəddəsləşmişdir. 2020-ci il Vətən müharibəsində Azərbaycanın suverenliyi bərpa olunarkən, azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayraq xalqımızın əzmini və gücünü bir daha nümayiş etdirdi. Bu hadisə tariximizə qızıl hərflərlə yazıldı və Dövlət Bayrağı Gününün mənasını daha da dərinləşdirdi”.
P.Vəliyeva son olaraq vurğulayıb ki, bu gün üçrəngli Azərbaycan bayrağı dünyanın bir çox ölkələrində dalğalanır, beynəlxalq arenada ölkəmizin müstəqil və güclü dövlət kimi tanınmasının simvoluna çevrilmişdir:
“Bayrağımız həm keçmişimizin şərəfli salnaməsini, həm də gələcəyə inamla baxan xalqın iradəsini əks etdirir. 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımız üçün sadəcə bir təqvim günü deyil, milli qürurun, dövlətçiliyin, birlik və vətənpərvərlik duyğularının təntənəsidir”.
Məlik Məlikov












