“Gürcüstanın da Azərbaycana qarşı ərazi iddiası var”-Sensasiyalı açıqlama
“Qafqazda separatizm meyllərinə yuvarlanmağa görə ilk yeri gürcülər tutur. Bu tarix boyu təsdiqlənib, sübut olunub”.
Bu sözləri Gürcüstan orta məktəb dərsliklərində və xəritələrdə Azərbaycanın Qax, Zaqatala, Şəki, Gəncə kimi bölgələrinin Gürcüstan ərazisi kimi təqdim olunmasına münasibət bildirərkən Yenicag.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov bildirdi: “Gürcülər ermənilərdən də qabağa gedərək, dəfələrlə Azərbaycana qarşı ərazi iddiasına əl atıb. İstər cümhuriyyət dövründə, istərsə də sovet dönəmində, istərsə də müasir dövrdə, həmişə Azərbaycan xalqı gürcülərin separatizm meyllərinə layiqli cavab verib və bu gün də verirlər. Gürcülərin separatizminə dəstək verilməsinin tarixi kökü var. Kiçik bir ərazidə balaca xalq olan gürcülər zaman-zaman Azərbaycan torpaqlarını mənimsəyib. Təəssüf ki, dövlətçiliyimiz olmayan bir vaxtda gürcülərin bu əməllərinə cavab verə bilməmişik. Nəticədə bir çox ərazilərimiz əldən çıxdı və onu geri qaytarmaq mümkün olmayıb. Azərbaycan bu gün də Gürcüstanla ikitərəfli münasibətləri qoruyub saxlayır və baxmayaraq ki, tarixən hazırkı Gürcüstan ərazisinin böyük hissəsi ölkəmizə məxsus olub, heç zaman ərazi iddiasına düşməmişik. Amma təəssüf ki, hər iki qonşumuz, xüsusən də gürcülər həmişə ölkəmizə qarşı ərazi iddiasında bulunublar. Bunun da kökündə gürcülərin separatizm meyldə olmaları dayanır. Baxmayaraq ki, Borçalı və digər ərazilərdə yaşayan azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyini qoruyub, ermənilər kimi orada ərazi muxtariyyəti tələb etməyib. Müasir dövrdə ərazi iddiaları ilə çıxış etmək qonşuluq münasibətlərinə ziddir və bağışlanmazdır. Azərbaycan ərazilərini öz ərazisi qismində məktəblərdə təbliğ etmək kimi hallar Gürcüstan dövlətinə başucalığı gətirməz”.
ELÇİN