Hafiz Hacıyev: “Adam atasına rəhmət oxutmaq əvəzinə, ölüsünə söydürür” - VİDEO
“Son illər bəzi rayonlarda yas mərasimlərinin daha sadə formada keçirilməsi ilə bağlı müsbət addımlar atılsa da, bu məsələ hələ də tam həllini tapmayıb”.
Bu barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq bir sıra rayonlarda yas mərasimlərinin sadə çay süfrəsi ilə keçirilməsi praktikası formalaşıb:
“İndi bir çox rayonlarda bu məsələ öz həllini tapıb. Məsələn, Göygöl rayonunda artıq “ət gətir”, “dolma gətir” kimi söhbətlər yoxdur. Yas mərasimləri sadə çay süfrəsi ilə keçirilir”.
Partiya sədri bəzi insanların yas mərasimlərini dəbdəbə və israfçılıq vasitəsinə çevirdiyini vurğulayıb:
“Bəzi insanlar qudurğanlıq edirlər. Bu da haram pullar hesabına baş verən hallardır. Adam atasına-anasına rəhmət oxutmaq əvəzinə, sanki ölüsünə söydürür”.
Hafiz Hacıyev bildirib ki, bəzi hallarda yas mərasimlərində dövlətin müəyyən etdiyi qaydalar və ictimai normalar da pozulur:
“Onlar qanunları saymır, dövlətin qoyduğu sərhədləri aşır, ictimai rəyi nəzərə almırlar”.
Sonda partiya sədri yas mərasimlərinin tənzimlənməsi ilə bağlı dövlət səviyyəsində qərarların qəbul edilməsinin vacibliyini vurğulayıb. O hesab edir ki, Milli Məclis və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələdə daha aktiv mövqe nümayiş etdirməlidir.
Ətraflı videomaterialda:
Samir Məcid












