Hafiz Hacıyev: “Sosial yardım, uşaqpulu və pensiya təcrübəsizlərin əlindədir”
“Sosial yardım, uşaqpulu və pensiya məsələləri təcrübəsiz adamların əlindədir”.
Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O, sosial yardımın ehtiyaclı şəxslərə verilməsində yaradılan problemlərlə bağlı fikirlərini səsləndirib. Partiya sədri qeyd edib ki, ilk öncə ləyaqətli, milli qürura sahib və xalqını sevən kadrlar lazımdır:
“Ehtiyaclı insanlar üçün nəzərdə tutulan yardımların hamısını basıb yeyirlər. Bu gün AYNA rəhbəri özünə 20 minə yaxın maaş yazırsa, kimə sosial yardım çatacaq? Dərəbəylik yaranıb, kim necə istəyir, o cür də hərəkət edir. Deputata marketdə müraciət olunub, xalqın qeydinə qalmalıdırlar. Ancaq qorxurlar, çünki təyin olunublar, ona görə də ürəklə danışa bilmirlər”.
Hafiz Hacıyev bildirib ki, müavinətlər xalqdan uzaq adamların əlindədir: “Sosial yardım, uşaqpulu və pensiya məsələləri yenidən gözdən keçirilməlidir. Pensiyası 5 kilo ət etməyən insanlar var. Necə dolansınlar? Monopolistlər dərman qiymətini süni şəkildə qaldırır. Bu gün dövlət və xalq arasında uçurum yaradırlar”.
H.Hacıyev icra başçıları və məmurlarla bağlı şok ittihamlar irəli sürüb: “Qazilər 80 manat yardım alır. Bu pul dərmana çatsın, yoxsa yaşamağa? Ramiz Mehdiyevin kiflənmiş məmurları hələ də at oynadır. Bəzi məhəllələrdə zibilqabından çörək götürmək üstündə qırğın gedir. Necə olur rayon icra başçılarının balalarının maşın kolleksiyası var? Sosial yardımların hamısı onlara gedir. Dövlətin büdcəsini belə talan edirlər”.
Nəsimi Ələsgərli













