Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu həbs edilib.
Bu barədə vəkil Cavanşir Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Əlihüseyn Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu maddə ilə təqsirləndirilən şəxsi 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Vəkil onu da qeyd edib ki, həbs qətimkan tədbiri sentyabrın 14-də seçilib, sentyabrın 15-də isə apellyasiya şikayəti veriblər.
Apellyasiya şikayətinə yaxın günlərdə baxılacaq.
Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) də Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, keçmiş deputat Qalib Salahzadənin oğlunun həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QMİ-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq həbsin Şeyxülislamla heç bir əlaqəsi olmadığı deyilib.
Bildirilib ki, həbs edilən şəxsin Şeyxülislamın kürəkəni olması xəbəri də yanlışdır: “Şeyxülislamın kürəkəninin adı Əliabbas Salahzadədir, həbs edilən isə onun qardaşı Əlihüseyndir. Ümumiyyətlə, bu həbsin Şeyxülislamla əlaqələndirilməsi idarənin, Şeyxülislamın fəaliyyətinə kölgə salmaq istəyənlərin cəhdidir”.
www.yenicag.az