“HƏMAS bəhanədir” – İsrailin Qəzza siyasətinin əsl məqsədində BUNLAR VAR – ŞOK DETALLAR
“İsrailin planı Fələstini tamamilə yox edib əraziləri öz tərkibinə qatmaqdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.
Politoloq İsrailin dünən gecədən bəri Qəzza bölgəsində apardığı əməliyyatlar barədə öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, İsrailin Qəzza bölgəsində törətdiyi hadisələr birmənalı şəkildə beynəlxalq hüquq normalarına ziddir:
“Sadəcə ABŞ kimi dünyanın ən güclü superdövlətinin dəstəyini öz arxasına almaqla dünyanın qanun qaydalarına zidd getməyi bacarır. Əslində, ümumi götürdükdə, İsrailin əsas məqsədi sadəcə HƏMAS-ı sıradan çıxarmaq deyil. Bu, bir bəhanə təsiri bağışlayır”.
E. Xalidbəyli qeyd edib ki, əslində İsrailin planı HƏMAS yox Fələstini işğal etməkdir:
“Bütün baş verənlər onu göstərir ki, İsrail əsas məqsəd olaraq məhz Fələstini tamamilə sıradan çıxarmaq, ölkəni yer üzündən silmək hədəfini qarşısına qoyub. Buna doğru da hərəkət edir. Təbii, bu da beynəlxalq hüquq normalarına kəskin şəkildə zidd hədəfdir. BMT-nin Baş Assambleyasının son toplantısında bu məsələ ilə bağlı artıq qərar qəbul olunub. Qərarda Fələstin probleminin iki dövlət prinsipi ilə həlli barədə qərar verilib. Sadəcə orda yalnız bir məsələ vurğulanır ki, iki dövlət prinsipi ilə həll olunacağı və Fələstin dövləti qurulacağı təqdirdə, HƏMAS həmin dövlətdə təmsil olunmamalıdır. Bu da tamamilə mümkün ola biləcək variantdır. Sadəcə İsrail belə bir ssenari üzrə məsələnin həllinə imkan vermək istəmir. İsrail çalışır ki, Fələstini tam şəkildə yox etsin və o ərazilərin tamamını öz ərazisinə qatsın”.
Nurlan Cəfəri