Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Həmas”ın “Yol xəritəsi” və Yaxın Şərqin yeni reallığı

Fələstinin İsrail işğalına qarşı mübarizə aparan iki əsas siyasi hərəkatından biri olan “Həmas” öz Proqramını yeni dünya qaydalarına uyğunlaşdırır.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı “Həmas”ın 1988-ci ildə qəbul etdiyi ilk Proqrama edilən dəyişikliklər bu hərəkatın yeni “Yol xəritəsi” kimi qiymətləndirilir.

Hərəkatın lideri Xalid Məşal 41 maddədən ibarət yeni “Yol xəritəsi”ni Dohada açıqlayıb.
Məşalın bu açıqlaması beynəlxalq mediada “Həmas”ın 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin qurulması ideyasını dəstəkləyir” formasında təqdim olunub və diqqəti yenidən İsrail-Fələstin probleminə yönəldib.

Bununla belə, İsrail hökumətindən verilən rəsmi açıqlamada “Həmas”ın bəyan etdiyi yeni prinsiplər “bu, onların niyyətlərini gizləyən bir duman pərdəsidir” kimi qiymətləndirilib. Açıqlamada qeyd olunub ki, “Həmas”ın yeni prinsipləri müzakirə imkanı baxımından irəliləyiş əldə olunmasına təsir göstərməyəcək.

Muxtariyyatın digər əsas siyasi hərəkatı olan Fələstin Azadlıq Təşkilatı (FAT) isə “Həmas”ın yeni prinsiplərinə belə münasibət bildirib: “Həmas” FAT-ın 43 il əvvəl müzakirə etdiyi məsələlərə indi qayıdır. Yekunda iki dövlət arasında həll nöqtəsinə gələcəklər”.

Bu məsələni yaxından izləyənlər “Həmas”ın siyasətində köklü bir dəyişiklik olmadığını düşünsələr də, “Həmas”ın yeni Konstitusiyası adlandırılan bu prinsiplər dünyaya səs salıb.

O baxımdan, “Həmas”ın yeni prinsipləri sırasında diqqəti cəlb edən əsas məqamlar və “Yol xəritəsi”nin məhz indi açıqlanmasının səbəbləri maraqlı görünür.

Proqramın əsas müddəaları

“Həmas”ın yeni prinsiplərinin əks olunduğu sənəd ilk dəfə Livanın “Al Mayadeen” kanalında yayımlandı və hərəkatın təmsilçisi Əhmed Yusuf tərəfindən təsdiqləndi. 41 maddədən ibarət olan sənəddə “Həmas”ın məlum məsələlərə münasibəti, ümumi siyasi mənzərədə və siyasi spektrdəki yeri göstərilib.

Mətndə diqqət çəkən əsas məqam “Həmas”ın 1988-ci ildə qəbul etdiyi ilk proqramda təşkilatın Misirdəki “Müsəlman qardaşları” hərəkatının bir qolu olduğu vurğulandığı halda, yeni sənəddə “Qardaşlar”la bağlılıq barədə qeyd yoxdur.

Bununla “Həmas” özü və “Qardaşlar” arasında məsafə qoymuş olub. Təbii ki, bu dəyişikliyin arxasında praktik fəaliyyət dayanır. Bunun da əsas səbəbi Misirdə 2013-cü ildə baş vermiş hərbi çevrilişdən sonra “Müsəlman qardaşlar”ın vəziyyətinin ağırlaşmasıdır. General Sisi həmin çevrilişdən sonra “”Qardaşlar”ı terror təşkilatı elan edərək, leqal siyasi proseslərdən kənarlaşdırıb. 2014-cü ildə isə Qahirə məhkəməsi “Həmas”ın fəaliyyətini qadağan edərək, 2015-ci ildə onu terror təşkilatlarının siyahısına saldı. “Həmas” yeni proqramında “Qardaşlar”la bağlılığını göstərməyərək, Sisi rejiminin təzyiqini azaltmağı düşünüb.

“Həmas”ın İsrailə münasibəti

“Həmas”ın yeni proqramında əsas məqamlardan biri də İsrailə münasibətin ifadəsidir. Sənədin 2-ci və 3-cü maddələrində Şeria çayından Aralıq dənizinə, Ras əl-Nakuradan Ümm ər- Raşraşa uzanan ərazilər Fələstin torpaqları kimi göstərilib. Bu, tarixi və mandat idarəçiliyi dövründəki Fələstin torpaqlarıdır. Yəni ərazi məsələsində “Həmas”ın öz təməl prinsiplərindən imtina etmədiyi və İsrail işğalı ilə razılaşmadığı görünür. Proqramda Fələstin qaçqınlarının öz yurdlarına qayıdışı və Qüdsdən imtina edilməyəcəyi məsələsi də əks olunub. Xatırladaq ki, Fələstinin sabiq rəhbəri Yasir Ərəfat da Qüds məsələsində güzəştə getmədiyi üçün danışıqlar prosesi dayandırılmışdı.

Yəhudilərə deyil, Sionizmə qarşı mübarizə

Beynəlxalq mediada “Həmas”ın yeni proqramının əsas müddəaları sırasında hərəkatın mübarizəsinin yəhudilərə deyil, Sionizmə və İsrail işğalına qarşı yönəldiyinin göstərilməsinə daha çox diqqət ayrılıb. Doğrudan da, “Həmas” Avropa tarixində uzun müddət davam edən antiSemitizmi yəhudilərə qarşı ədalətsizlik kimi qiymətləndirib və hədəfinin demokratik Fələstin dövləti olduğunu vurğulayıb. Bu çərçivədə digər mühüm məqam “Həmas”ın terrorçu İŞİD-lə eyni sırada dayanmadığını büruzə verməsidir.

Yeni proqramın məqsədi nədir?

“Həmas”ın yeni proqramını bəyan etməkdə məqsədinin İsraillə danışıqlar masasına əyləşmək olmadığı dəqiqdir. Yəni “Həmas”ın açıqladığı proqramın 18-ci maddəsində “Sionist dövləti tanımırıq” müddəası yer alıb. Sənəddə həmçinin BMT-nin Fələstinin bölünməsini nəzərdə tutan 181 saylı (1947-ci il) qərarının beynəlxalq hüquqa və Fələstin xalqının haqlarına zidd olduğu qeyd edilib. Eyni zamanda, proqramın 199-cu maddəsində “Həmas”ın işğal altındakı Fələstin torpaqlarının bir qarışından da imtina olunmayacağı bildirilib. Başqa sözlə, “Həmas” “çaydan dənizə Fələstin” variantından başqa digər alternativləri qətiyyən qəbul etmir. Yəni “Həmas” 4 iyun 1967-ci il sərhədləri daxilində, paytaxtı Qüds olan, qaçqınların evlərinə qayıdacağı müstəqil Fələstin Dövləti modelini əsas götürür. Digər tərəfdən, sənədin 19-cu maddəsində “Həmas”ın Oslo prosesini və o dönəmdə imzalanan anlaşmaları, onun nəticələrini rədd etdiyi bildirilib.

Regional proseslərin təsiri

Diqqətlə baxıldığında, “Həmas”ın yeni proqramında da silahlı mübarizənin qanuniliyi və davamlılığının zəruriliyi qeyd olunub. Eyni zamanda, “Həmas”ın bu sənəddə İsraildən çox digər ölkələrlə münasibətləri tənzimləməyə və Fələstin siyasəti çərçivəsində spektrin mərkəzinə meyllənməyə çalışdığı nəzərə çarpır. “Ərəb baharı”nın vüsət aldığı 2011-ci ildən sonra Suriya-İran duetindən ciddi maliyyə dəstəyi Alan “Həmas” rəhbərliyi Suriyadakı vətəndaş müharibəsinin başlamasından sonra Əsəd iqtidarının və Tehran rejiminin məzhəbçi mövqeyi üzündən həmin yardımlardan böyük mənada məhrum olaraq, aradakı məsafəni uzatdı.

Başda Səudiyyə Ərəbistanı olmaqla, Körfəzdəki ərəb ölkələrinin “Müsəlman qardaşları” hərəkatına mənfi münasibəti, Ər-Riyadın “Qardaşlar”ı terror siyahısına salması “Həmas”ın vəziyyətinə də təsirsiz ötüşməyərək, onu zəiflədib. Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşma mərhələsinə qədəm qoyması da “Həmas”ı müəyyən manevrlər etmək məcburiyyətinə gətirib.

Fələstin qruplaşmaları arasında birlik axtarışı

Bu deyilənlərə ABŞ-ın yeni hakimiyyətinin Fələstin məsələsinə münasibətini də əlavə etmək lazım gəlir. Respublikaçı Donald Tramp Fələstin lideri Mahmud Abbasla nəzərdə tutulan görüşündə yeni nizamlama prosesini müzakirə edəcək. İndiki halda ABŞ və İsrailin zəiflədiyi diqqətdən qaçmayan Fələstinə yeni həll variantı “sırımağa” cəhd edəcəkləri gözlənilir. Fələstindəki daxili ziddiyyətlər buna zəmin yaradır. Abbasın lideri olduğu FAT beynəlxalq arenada Fələstin xalqının yeganə qanuni təmsilçisi kimi qəbul edilir. “Həmas” Fələstinin əksər təşkilatlarının birləşdiyi FAT-a daxil deyil və bu fərqlilik ciddi problem olaraq qalır.

“Həmas” milli birliyin təmin olunması üçün 2011 və 2014-cü ildə FAT-a daxil olmaq üçün müzakirələrə başlasa da, bu cəhd nəticəsiz qaldı. Bunun səbəbi FAT-ın 1993-cü ildə İsraili tanıdığı halda, “Həmas”ın bu məsələdə əks mövqe tutması idi. “Həmas”ın yeni proqramında İsraillə bağlı radikallığın yumşaldılması onun FAT-la birləşməsi üçün mövcud olan maneələri nisbətən aradan qaldırır.

“Həmas”ın yeni proqramı bu hərəkatın Avropa İttifaqı (Aİ) və bəzi başqa ölkələrin “terror təşkilatı” siyahısından çıxarılmasına da müəyyən zəmin yaradır. Bu da təşkilatın beynəlxalq təcriddən çıxmasına təkan verə bilər.

Bu proqramın açıqlanması ilə “Həmas”ın lideri Xalid Məşal da səhnədən çəkiləcək. Hər halda, Məşal bu yeni “Yol xəritəsi” ilə Fələstin uğrunda mübarizənin ağır yükünü “Həmas”ın yeni rəhbərliyinin çiyinlərinə qoyur.

Yeniçağ.Az

www.yenicag.az

465