“Allah vahid bir din, yeganə haqq yolu nazil edib, kitablarını da bu yolu insanlara tam anlatmaq üçün endirib”.
Bu fikirləri insanların qədim dövrlərdən günümüzə qədər yaşadılan bəzi inanclar haqda danışan ilahiyyatçı Tural İrfan Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, İslam dini yeni yayılan dönəmlərdə həmin inanclardan bəziləri sıradan çıxsa da, bir qismi yeni təfəkkürə uyğunlaşaraq mövcudluğunu qoruyub:
“Ümumiyyətlə, səmavi din olan İslam özündən əvvəlki səmavi dinlərin təkmil forması hesab olunur. Yəni bəzən insanlar Allahın niyə bir neçə din nazil etdiyi haqda düşünür. Əslində isə belə deyil. Allah vahid bir din, yeganə haqq yolu nazil edib, kitablarını da bu yolu insanlara tam anlatmaq üçün endirib. Sonradan insanlar yolunu azaraq batil inanclara meyl etdikcə, xurafat, mövhumat, bütpərəstliyə üz tutduqca, Allahın nazil etdiyi kitabları da öz məqsədlərinə uyğun təhrif etdikdə, Allah yeni peyğəmbər, yeni kitab göndərib.
Beləliklə, sonda artıq insanların təhrif etməyəcəyi, bütün dövrlərdə müasirliklə uyğunlaşan mükəmməl bir kitab – “Quran”ı endirdi və Həzrət Məhəmmədi son peyğəmbər təyin etdi. Lakin son peyğəmbərin 23 illik təbliğatından sonra demək olar ki, bütün batil inanclar üzə çıxdı, haqq ilə batil ayırd edildi. İslam dini yeni yayılan dönəmlərdə həmin inanclardan bəziləri sıradan çıxsa da, bir qismi yeni təfəkkürə uyğunlaşaraq mövcudluğunu qoruyub.
Əslində, öncəki qaydalar və ibadətlər insanların uydurduğu deyil, əvvəlki səmavi dinlərin tətbiq etdikləri idi. Ağaca qara bağlamaq kimi inanclar Araz çayı ətrafında yaşayan qövmün adəti olub, onlar Cərcis peyğəmbəri də doğramışdılar. Onun məzarı Beyləqan şəhərindədir. Təəssüf ki, onun məzarı ilə bağlı da xurafat baş alıb gedir. Göydən zəncir asıb kəlağayı atırlar ki, ilişib qalsa guya niyyətin qəbul olacaq. Ər-Rass adlanan bu qövm haqda “Quran”da deyilir ki, onlar bütpərəstliyin, xurafatın tam dərininə getdiklərinə görə məhv edildilər.
İndi də bizim müasir insanımızda onların bəzi adətləri qalmaqdadır. Qayaya pərəstiş, pirdən, ocaqdan mədət ummaq, ağaca qara bağlamaq, divara qənd yapışdırmaq, qəbirləri təvaf etmək, oyuq daşların arasından keçmək, məzarlara səcdə etmək kimi adətlər küfr, şirk, xurafat, mövhumat, cəfəngiyyat və cəhalətdir. İslam dini yalnız tək Allaha üz tutmağı əmr edir. İslam insanları da müqəddəsləşdirməyi doğru hesab etmir. Hətta peyğəmbərlərin özlərini belə adi insan, qul, bəndə adlandırır. İslam dini Allahın təkliyinə qarşı ayin olmayan, adətlərdə humanizm, mərhəmət, səxavət və xeyirxahlıq olan bayram və adətləri rədd etmir.
Tutaq ki, əgər insanlar Novruz bayramında öz ölülərini anaraq dua edirlərsə, kasıblara əl tutub, həyətlərində təmizlik işləri aparırlarsa, gözəl halal nemətlərdən süfrə açıb qohum-əqraba ilə mehribanlıq edirlərsə, İslam dini bunu bəyənir və qarşı çıxmır. Lakin qapı pusaraq cəsusluq etmək, xalqımızın qədim ənənəsində qeyrət rəmzi olan papağı qapı-qapı yerə atıb dilənçilik alətinə çevirib, od qalayıb guya illər ərzində edilən günahların yuyulması üçün üstündən atlanmaq, oda sitayiş müqəddəs sayılacaqsa, bu artıq İslama ziddir. Şam yandırmaq İslamdan əvvəlki xristianlıqdan qalıb. Buxur və şam yandırmaq işıqlıqdır, nurdur. Yetər ki, bu şeylər sitayiş edilmək niyyəti ilə edilməsin. Yoxsa bayram əlaməti olaraq bəzək üçün edilməsinin eybi yoxdur”.
İsmayıl Bakuvi
www.yenicag.az