“Hər güclü bir kişinin arxasında güclü bir qadın dayanır”
Moskvada Beynəlxalq Qadınlar Günü- 8Mart münasibəti ilə diasporumuzun qadınlarını dəyirmi masa arxasına Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu və Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi toplayıb.
Bayram masası da elə təşkilatçılar Fond rəhbəri Şamil Tağıyev və Assosiasiyanın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev tərəfindən təbrik nitqləri ilə açılıb. Şamil Tağıyev qeyd edib ki, Şərqdə ilk dəfə Azərbaycanda qadınlara seçki hüququ verilib, eləcə də ilk qızlar gimnaziyası açılıb. O, çıxışında Qarabağda şəhid olan qadınların rolu vurğulanıb. Toğrul Allahverdiyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinin nümunə olduğunu deyib. O, qadınların diaspor həyatındakı önəmindən danışaraq AMOR-un rəhbəri Leyla Əliyevanın Rusiyadakı fəaliyyətinə diqqət çəkib. Dəyirmi masa şairə, publisist Afaq Şıxlının cıxışı ilə davam etdirilib. Tədbirin mahiyyətini qeyd edən şairə, Azərbaycan qadınlarının bayramını təbrik edib. Çıxışçılar ilk öncə öz peşələri, Azərbaycan diasporunun Rusiya cəmiyyətinin həyatında oynadığı rolu qeyd ediblər. Azərbaycan tarixində, elmində, mədəniyyətində, siyasətində qadınların oynadığı rol qeyd olunub. “Hər güclü bir kişinin arxasında güclü bir qadın dayanır” ifadəsi də tədbirin əsas lozunqlarından olub. Maraqlı məqamlardan biri də 8 ildir Moskvada müəllimə kimi fəaliyyət göstərən Bella Musayevanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Əməkdar müəllim adı verilməsi olub. Tədbir çərçivəsində, həmçinin, Rusiyada “Qadınlar Klubu” da yaradılıb. Gizli səsvermə nəticəsində səkkiz qadın klubun məsləhət Şurasına üzv seçilib. Klubun məqsədi isə Rusiya-azərbaycanlı qadınları bir araya toplamaq, problemləri müzakirə etmək, qadınların cəmiyyətin sosial həyatında yaxından iştirakını təmin etmək olub. Sonda təşkilatçılar adından qadınlara hədiyyələr verilib. Xatirə şəkli çəkilərək bayram süfrəsinə dəvət olunublar.