Hər kəsi güldürüb, içində ağlayan AKTYOR: Arif Quliyevin DOĞUM GÜNÜDÜR
Düz deyiblər ki, ağlayanın bir dərdi, gülənin isə min dərdi var. O da belə insanlardan idi. Hər zaman üzü gülsə və hər kəsi güldürsə də, ürəyi qan ağlayırdı. Həyat lap əvvəldən onun üzünə gülməmişdi. Valideynləri tərəfindən atılaraq uşaq evində böyüyən o sarışın oğlanın acıları bununla da bitməmişdi. Tale ona gələcəkdə daha ağır sürprizlər hazırlamışdı. Vaxtsız oğul itkisinin ağırlığına tab gətirmək hər atanın işi deyildi. Amma dişini sıxaraq, buna dözməyə çalışdı. Onu xilas edən isə sənəti oldu. Hər kəsə gülüş bəxş edən sənəti….
Söhbət gülüş ustası, sevilən aktyor, Xalq artisti Arif Quliyevdən gedir. Aktyorun bu gün doğum günüdür.
Həm teatrda, həm də kinoda yaddaqalan obrazları ilə sevilib. Hətta ona həvalə olunan epizodları da o qədər məharətlə oynayırdı ki, bəzən baş rolları belə kölgədə qoymağı bacarırdı. Dəfələrlə ölüm xəbəri yayılmışdı, hətta ölümlə üz-üzə qaldığı vaxtlar da az olmamışdı. Amma kəfəni yırtmışdı Arif Quliyev. Haqqında yayılan ölüm xəbərlərinə belə gülə-gülə reaksiya verirdi. Çünki həyatsevər və pozitiv insan idi.
Dəfələrlə kəfəni yırtan aktyor koronavirus bəlasından qurtula bilmədi. Həmin vaxtlarda hamımız onun virusa qalib gəlcəyini gözləyirdik, buna ümid edirdik. Amma sevilən aktyor sevənlərini, tamaşaçılarını ölüm xəbəri ilə sarsıtdı. Lakin sənətkarlar heç vaxt ölmür, sevənlərinin qəlbində əbədi yaşayırlar. Arif Quliyev də belə bəxtəvər sənətkarlardandır.
Cəvahir