Hərbi ekspert həddini aşan generalların cəzalanmasını istəyir
Üzeyir Cəfərovun Azərbaycanın generalitetini ittiham edən və onların cəzalanmasını istəyən növbəti açıqlamasını təqdim edirik:
Dəyərli dostlar, hörmətli həmkarlarım. Bir qədər aşağıda diqqətinizə çatdıracağım qeydlər, dəqiq bilirəm ki, mənə olan hücumlarım sayını daha da artıracaq. Amma belə bir acınacaqlı vəziyyətə susmaq da hesab edirəm ki, xəyanətə bərabər bir addımdır. Elə dünən Gürcüstanda tutulan 3 tona yaxın narkotik maddəyə görə cavabdeh şəxslərin susması, Azərbaycanın adının bütün dünyada biabırçı şəkildə hallanması bu qeydlərin bir daha ərsəyə gəlməsinə səbəb oldu.
Bu gün Azərbaycanda olan çoxsaylı generalların öz dövlətinə, xalqına və tutduğu vəzifəyə xəyanətindən danışacağam. Özü də ümumi sözlərlə deyil, konkret faktlarla. Adəti üzrə, böyük ehtimalla, burada səsləndirilən fikirlərə yəqin ki yenə heç kim reaksiya verməyəcək. Öz aləmlərində, belə düşünürlər ki, guya mənim yazdıqlarıma bunlar münasibət bildirmirlərsə, boş şeydir. Daha bilmirlər ki, susmaq, bütün dünyada razılıq əlaməti kimi qəbul olunub. Bir də, əlahəzrət faktları təkzib etməyə nə savadları, nə də gücləri çatmır.
Dəfələrlə qeyd etmişəm ki, ölkə başçısı, eyni zamanda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında olan xeyli sayda generallar yol verdikləri cinayət tərkibli əməllərinə görə təkcə vəzifələrindən deyil, eyni zamanda azadlıqdan da məhrum edilməlidirlər. Düzünü bilmirəm, nədən hələ ölkə başçısı həddini aşan generalları cəzalandırmır, amma hesab edirəm ki, vaxtı çoxdan çatıb. İlk addımı elə Prezident Adminstrasiyasından başlamaq lazımdır.
Ölkə başçısının təhlükəsizlik üzrə müşaviri vəzifəsində xeyli illərdir oturan general-leytenant Vahid Əliyevdən başlamaq lazımdır. Mərhum eks-prezident Heydər Əliyevin dönəmində bir çox əməllərinə hədd qoyan bu şəxs, hazırkı prezident İlham Əliyevin etibarından açıq şəkildə sui-istifadə edərək öz şəxsi məsələlərini həll etməklə məşğuldur. Ordu sıralarında bu adamın adı gələndə artıq çoxları kinayə və rişxənd ilə belə bir generalın hansı haqla o cür məsuliyyətli vəzifədə saxlanmasını anlamadıqlarını dilə gətirirlər. 2 qardaşını ayrı-ayrı güc strukturlarında yüksək vəzifələrə təyin etdirməsi azmış kimi, heç bir hərbi təhsili olmayan bacısını Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyasının sədri qoyduran bu şəxsin ambisiyaları bitib-tükənmək bilmir. SQ-də yüksək vəzifəyə təyin etmək bir yana qalsın, hətta onlardan birinə – uzun illər MN-nin Qaraçuxurdakı hərbi hissəsindədə komandir müavini vəzifəsində orta göstəricilərlə xidmət edən qardaşı Vidadi Əliyevə heç bir halda layiq olmadığı general-mayor rütbəsini verdirmək isə illərlə peşəkarcasına öz vəzifə borclarını yerinə yetirən demək olar ki, bütün vicdanlı zabitlərdə böyük təəssüf və inamsızlıq yaratmışdır. Bütün bunlar azmış kimi, sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində SQ öz dost-tanışlarını, tələbə yoldaşlarını, qohumlarını yüksək vəzifələrə təyin etdirməyə cəsarəti çatmayan Vahid Əliyev Zakir Həsənov müdafiə naziri postuna oturan kimi onlarla, bəlkə də yüzlərlə “kadrlarını” MN və digər güc strukturlarını sıralarına yerləşdirib. Hətta bunlar azmış kimi, bir vaxtlar Daxili Qoşunlarda fərarilik etmiş bir şəxsi- Tapdıqov Rövşən Ağagül oğluna Prezident Adminstrasiyasında öz yanında vəzifə verib, ona (?) general-mayor rütbəsi verdirməsi azmış kimi 26 iyun SQ günündə, yenə öz dost-tanışlarına, həmçinin fərari generala Dövlət mükafatı olan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni verdirib. Mən burda belə faktların sayını daha da çox göstərə bilərdim. Hesab edirəm ki, ölkə başçısının düz yanında oturan bir şəxsin, özü də müdafiə və təhlükəsizliklə bağlı ən mühüm sahədə Ali Baş Komandana kömək etməli, onun adını uca tutmalı olan bir şəxsin belə qanunsuzluq etməsi ən azından xəyanətdir.
İndi gəlib çıxıram 3 gündür dünyanı dolaşan bu 3 ton heroin məsələsinə. Gürcüstan Daxili İşlər Nazirliyinin iyulun 11-də keçirdiyi antinarkotik əməliyyatı mübaliğəsiz olaraq son illərin ən parlaq və səs-küylü əməliyyatı kimi tarixə düşəcək. Bu ölkənin baş naziri İrakli Qaribaşvili hökumətin iclasında Azərbaycanla sərhəddə tutulan 3 ton təmiz heroinə görə öz ölkəsinin DİN-i təbrik edib.
Gündəlik həyatda qramlarla heroini diqqətdən qaçırmayan hüquq-mühafizə orqanları – Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin rəhbərləri başda generallar Aydın Əliyev və Elçin Quliyev və digər cavabdeh şəxslər hələ ki susurlar. Belə başa düşmək olar ki, adı çəkilən “lampaslı kişilər” bu böyüklükdə riskin altına təkbaşına girməyiblər və ortada bizim hələlik bilmədiyimiz şox qaranlıq məqamlar var. Yenə, Azərbaycan adına ləkə gətirəcək bir hərəkət, yenə ölkəmizi nüfuzdan salacaq bir fakt. Yenə cavabdeh olduqları
Vaxtınızı çox almamaq, başınızı ağrıtmamaq üçün Kəlbəcərdə əsir götürülən və öldürülən vətəndaşlarımızla bağlı yenə generalların yarıtmaz fəaliyyəti ilə bağlı fakta toxunmaqla fikirlərimi yekunlaşdırmaq istəyirəm.
Artıq neçə illərdir ki, işğal olunmuş ərazilərə sözsüz ki, hərbi komandanlığın, xüsusi-xiidmət orqanlarının xəbəri olduğu üçün rahat keçib gedən, bu gün yaramaz ermənilərin işğəncələrinə və təhqirlərinə məruz qalan mülki vətəndaşlarımız Şahbaz Quliyev və Dilqəm Əhmədovla, o cümlədən öldürülən Cəbrayıl rayon sakini ilə bağlı rəsmi qurumların, həmçinin MN-nin tutduğu mövqe də başa düşülən deyil.Şəmkir Hərbi Birləşməsinin ərazisindən (cavabdeh, birləşmə komandiri Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Rövşən Əkbərov) düşmən nəzarətində olan ərazilərə keçib çox vacib məlumatları bizə gətirən insanlara sahib çıxmaq üçün artıq hərəkətə keçməli idilər. Ən azından erməni hərbi qulluqçuları olmasa, belə mülki şəxslərdən əsir və girov götürməklə azğın düşmənə təpki göstərmək olardı. Düşmənin bir atəşinə on qat atəşlə cavab verməyi tapşıran, əslində bu vəziyyətin yaranmasında dolayısı ilə də günahı olan müdafiə naziri Zakir Həsənov da yaxasını kənara çəkə bilməz.Dövlətin və onun vətəndaşlarının təhlükəsizliyinə cavabdehlik daşıyan şəxs kimi həm müdafiə nazirliyinin yetkililəri, o cümlədən digər güc strukturlarının hörmətli generalları xalq qarşısına çıxıb hesabat verməlidirlər.
Sonda bir Azərbaycan vətəndaşı kimi, uzun illər hərbi xidmətdə olmuş peşəkar zabit kimi, ölkə başçısı, SQ-in Ali Baş Komandanı İlham Əliyevə müraciət edirəm.
Cənab prezident, ətrafınızda olan bir sıra generallara bir qədər sərt üzünüzü göstərin. Onlar deyəsən çiyinlərinə düşən dövləti vəzifələrin məsuliyyətini anlamaqda çətinlik çəkirlər. Başları çox da müsbət olmayan işlərə qarışan generalların bir qismi Sizi Ali Baş Komandan kimi Azərbaycan cəmiyyətinin gözündən salmaqla məşğuldurlar. Tam səmimi deyirəm ki, dövlətini və xalqını sevən, onun ordusunun güclü olmasında ən çox maraqlı olan şəxslərdən biri kimi yazdıqlarımın da ümumi işimizin xeyrinə olması diləyi ilə bu qeydlərimi ərsəyə gətirirəm. Onu da başa düşürəm ki, harınlaşmış və azğınlaşmış bəzi generallar yazdıqlarımın müqabilində mənim haqqımda Sizə düzgün olmayan məlumatları da çatdırmağa çalışacaqlar. Bir daha təkrar edirəm ki, başda Vahid Əliyev və xeyli sayda şəxslər olmaqla öz vəzifə borclarını dərk etmir, dövlətimizi və dövlətçiliyimizi ciddi təhlükələrlə üz üzə qoyurlar. Bu adı general olub, reallıqda isə biznesmen xislətinə malik adamlardan dövlət adamı, ölkənin müdafiəçisi olmaz.Onların faktiki olar bir adları var.
Xəyanətkarlar. Allah bizi xəyanətkarlardan və xəyanətlərdən hifz eləsin(moderator.az).