Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kollegiyası “Həqiqi hərbi xidmətdə olan şəxslərə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamenti təsdiqləyib.
Yeniçağ.Az xəbər verir ki, inzibati reqlamentə əsasən, elektron ünvanlarında təqdim edilən elektron xidmət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətdə olan Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə arayışın verilməsini əhatə edir.
Elektron xidmətin icra müddəti 1 iş günüdür. Elektron xidmət ödənişsizdir. Elektron xidmətin göstərilməsi üçün Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsinin (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin) və xidməti vəsiqəsinin seriyası və nömrəsi təqdim olunur.
Elektron xidmətin göstərilməsi üçün istifadəçi müvafiq internet ünvanına daxil olaraq açılmış pəncərəyə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin) və xidməti vəsiqənin seriyası və nömrəsi daxil edərək sorğunu formalaşdırır. Sorğu reqlamentdə göstərilən internet ünvanlarından birinə daxil olduğu tarixdə qeydə alınır.
Düzgün formalaşdırıldıqda sorğu qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal “Bildiriş” göndərilir. Arayışın hazır olması barədə istifadəçinin elektron ünvanına “Bildiriş” göndərilir. Arayış istifadəçinin istəyi ilə xidmət yerinə gəlməklə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir.
Daxil edilən məlumatlarda aradan qaldırılması mümkün olan və arayışın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 1 iş günü müddətində aradan qaldırılması barədə istifadəçinin elektron ünvanına “Bildiriş” təqdim edilir. İstifadəçi məlumatı aldığı vaxtdan 1 iş günü ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Bu zaman arayışın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət arayışın verilməsi müddətinə daxil edilmir.
Çatışmazlıqların aradan qaldırılması barədə istifadəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Təqdim edilən məlumatlarda aşkar olunmuş çatışmazlıqlar istifadəçi tərəfindən göstərilən müddətdə aradan qaldırılmadıqda müraciətin baxılmamış saxlanılması barədə istifadəçinin elektron ünvanına “Bildiriş” təqdim edilir və bu barədə Xidmətin məktubu 2 iş günü müddətində istifadəçinin istəyi ilə xidmət yerinə gəlməklə birbaşa təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
İstifadəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra arayışın alınması üçün təkrar müraciət edə bilər. Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslər Xidmətin Analitik Təhlil Rabitə və İnformasiya Texnologiyaları İdarəsi tərəfindən proqram təminatı vasitəsilə onlayn qaydada nəzarətdə saxlanılır.
Yeniçağ.Az
www.yenicag.az