İlin birinci yarısında büdcə qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox rast gəlinib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Hesablama Palatasının 2018-ci ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, Palatanın 2018-ci ilin ilk yarısında həyata keçirdiyi nəzarət tədbirləri 3,2 mlrd. manat məbləğində vəsaiti əhatə edib. Həmin vəsaitlərin 32,5%-ni dövlət büdcəsinin və 2,4%-ni büdcədənkənar fondların büdcəsinin xərcləri, 14,2%-ni dövlət zəmanəti ilə alınmış daxili və xarici kreditlər, 50,9%-ni isə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyəti və təşkilatların funksional fəaliyyəti ilə bağlı vəsaitlər təşkil edib.
Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin nəzərəçarpacaq hissəsi 2016-2017-ci illərdə icra edilmiş xərclər üzrə olub. Belə ki, cəmi məbləğin 42,3%-i 2016-cı ilə, 55,3%-i 2017-ci ilə aid olub, 0,3%-i 2018-ci ili və qalan 2,1%-i isə 2011-2015-ci illəri əhatə edib. Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifatı üzrə 14 bölməsindən 8-ni əhatə edib. Əhatə edilmiş vəsaitin 96,1%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 3,9%-i isə büdcənin yerli xərcləri üzrə olub.
Hesabat dövründə aparılmış nəzarət tədbirlərinin 14-ü Bakı şəhərində, 3-ü respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb.
Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilib və ümumilikdə 232 halda nöqsan müəyyən edilib.
Təhlil göstərir ki, nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə büdcə qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox rast gəlinib. Bu nöqsanlarla yanaşı, dövlət satınalmaları, mühasibat uçotu və hesabatlılıq, həmçinin əsaslı vəsait qoyuluşları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi hallarının da payı böyükdür.
Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı inzibati xəta hallarının müəyyən edilməsi ilə 2 nəzarət tədbiri ilə bağlı müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Baş Prokurorluğuna göndərilib.
Nəticələri ilə bağlı Kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə 4,7 mln. manat və artıq ödənilmiş vergi məbləğlərindən azaldılması yolu 2,2 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə, 87,2 min manat məbləğində vəsaitin isə büdcədənkənar fondların büdcəsinə bərpası təmin edilib.
www.yenicag.az