Harada dincəlmək "CİBİMİZƏ" UYĞUNDUR? — Azərbaycanda, yoxsa xaricdə?
“Seçim əsasən insanın büdcəsindən, gözləntilərindən və səyahət məqsədindən asılıdır”.
Bunu Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Harada istirahət daha sərfəlidir Azərbaycanda, yoxsa xaricdə?” sualını cavablandırarkən deyib.
O, ölkə daxilində istirahətin daha sərfəli olduğunu bildirib:
“Azərbaycanda istirahət etmək adətən daha sərfəli hesab olunur, çünki nəqliyyat xərcləri az olur, viza və əlavə səyahət xərcləri tələb etmir. Yerli turizm məkanlarına getmək daha rahat və büdcəyə uyğun başa gəlir. Bu məsələdə sərhədlərin bağlı olması əsas faktorlardandır”.
İqtisadçı bununla yanaşı, son illərdə bir çox insanın xaricdə istirahətə də üstünlük verdiyini vurğulayıb:
“Bunun əsas səbəbi bəzi ölkələrdə tur paketlərinin, hotellərin və xidmətlərin qiymət-keyfiyyət baxımından daha cəlbedici olmasıdır. İnsanlar həm də yeni ölkələr görmək, fərqli mədəniyyətlərlə tanış olmaq və daha geniş seçim imkanlarından yararlanmaq istəyirlər. Ümumilikdə isə büdcəyə qənaət etmək və qısa müddətli istirahət üçün insanlar daha çox Azərbaycandakı məkanları seçirlər. Daha fərqli təcrübə və yeni yerlər kəşf etmək istəyənlər isə xaricdə istirahətə üstünlük verirlər. Seçim əsasən insanın büdcəsindən, gözləntilərindən və səyahət məqsədindən asılıdır”.
Cəvahir













