Xəbər verdiyimiz kimi, həyat yoldaşı həkim səhlənkarlığı ucbatından sağlamlığını itirmiş tanınmış teleaprıcı-jurnalist Günel Gözəlovanın prezident İlham Əliyevə müraciəti əsasında problem araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilib.
Yenicag.az xəbər verir ki, 19 avqust 2021-ci il tarixində Baş Prokurorluq tərəfindən açıqlama verilərək həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edildiyi bildirilib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyevlə əlaqə saxladıq.
Elvin Hacıyev qısa olaraq nazirliyin baş mütəxəssislərinin birgə rəyinin hazırlandığını vurğulayıb:
“Klinika tərəfindən təqdim olunan tibbi sənədlər əsasında Səhiyyə Nazirliyinin baş mütəxəssislərinin birgə rəyi hazırlanır. Yaxın günlərdə rəy hazır olacaq və Səhiyyə Nazirliyindən Baş Prokurorluğa göndəriləcək”.
Günel Gözəlova isə Yenicag.az-a açıqlamasında ekspert rəyinin hazırlanması prosesinin gecikdirilməsindən narazı olduğunu bildirib:
“Mayın 31-də cənab prezident İlham Əliyevə müraciət etdim və bu müraciətimə operativ şəkildə cavab verilərək məsələ araşdırılması üçün Baş Prokurorluğa göndərilib. Lakin üstündən 2 aydan da çox vaxt keçməsinə baxmayaraq, ortada hələ heç bir nəticə yoxdur”.
Aqil Bəkir
www.yenicag.az