Heydər Əliyev Fondu Rusiyada xeyriyyə aksiyası keçirib -Fotolar
Heydər Əliyev Fondu Rusiyanın Sankt-Peterburq şəhərində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün xeyriyyə aksiyası keçirib.
13 saylı Uşaq Evində keçirilən xeyriyyə aksiyasında fondun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Leyla Əliyeva müəssisədə yaradılan şəraitlə, buradakı masaj və infraqırmızı sauna, duz mağarası, hovuz və oyun otaqları ilə tanış olub. Heydər Əliyev Fondunun adından Uşaq Evinə oyuncaqlar hədiyyə edilib. Uşaq Evinin kollektivi Heydər Əliyev Fonduna və Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra L. Əliyeva Sankt-Peterburqdakı kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 31 saylı Mərkəzdə və görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan uşaqlar üçün K. Qrot adına 1 saylı internat məktəbində və uşaq evində olub. 1 saylı internat məktəbinin direktoru Aleksey Muxin Heydər Əliyev Fondunun vitse-prezidentinə internat məktəbində təhsil standartları barədə məlumat verib. L. Əliyeva fənn kabinələrini gəzərək, kitabxana və fonoteka ilə tanış olub. İnternat məktəbinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilib.