Hikmət Babaoğlu: “Lider ətrafında sıx birləşməklə öhdəsindən gələ bilməyəcəyimiz vəzifə yoxdur”
“Azərbaycan xalqı bir daha əmin oldu ki, öz liderinin ətrafında sıx birləşməklə, milli gücümüzü səfərbər etməklə öhdəsindən gələ bilməyəcəyimiz vəzifə yoxdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbriki və işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşlarla səmimi görüşünü şərh edib. O bildirib ki, uzun illər xalqımızın ən əziz bayramı olan Novruz Qarabağsız qeyd edilib və bu, bayram sevincini tam yaşamağa imkan vermirdi:
“Tarixi Zəfərimizdən sonra artıq Novruz bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirik. Dövlət başçısı Xanoba kəndində vətəndaşlarla görüşündə vurğuladı ki, artıq altı ildir Novruz bayramını Qarabağda qeyd edir. Biz bu sözləri eşitmək və doğma torpaqlarımızda tonqal qalamaq üçün böyük imtahanlardan keçdik. Məhz Ali Baş Komandanın siyasi uzaqgörənliyi, qüdrətli ordu və güclü dövlət strategiyası sayəsində Qarabağa qayıtdıq. Bu gün hər birimiz Böyük Qayıdışın necə möhtəşəm bir tarixi hadisə kimi reallaşmasından qürur duyuruq”.
H.Babaoğlu qeyd edib ki, bu mənzərə milli birliyimiz və bütövlüyümüz üçün böyük motivasiya mənbəyidir:
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli birliyimizin simvoluna çevriliblər. Xalq-Lider birliyi dövlətimizi sarsılmaz edir. Görülən nəhəng işlər və Böyük Qayıdış prosesi gələcəyin daha qüdrətli Azərbaycanını şərtləndirir”.
Nəsimi Ələsgərli













