Hikmət Babaoğlu: "Özbəkistan-Azərbaycan əlaqələri ölkəmizin inkişafı üçün əhəmiyyətlidir"
“Özbəkistan və Azərbaycan əlaqələrinin inkişafı ölkəmiz üçün uğurludur”
Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu, Özbəkistan və Azərbaycan arasındakı əlaqələrin son dövrlərdə artan templa inkişafını müsbət qiymətləndirib.
Deputat qeyd edib ki, Özbəkistan, Azərbaycanın strateji tərəfdaşına çevrilir və iki ölkə arasında dərin kökləri olan əlaqələr inkişaf edir. O, bu əlaqələrin milli, mədəni və etnik əsaslarla formalaşdığını və bu münasibətlərin ikitərəfli şəkildə genişləndiyini vurğulayıb.
“Özbəkistan və Azərbaycan arasındakı münasibətlər son dövrlərdə yüksələn xətlə inkişaf edir. Özbəkistan, Azərbaycanın getdikcə daha çox strateji tərəfdarına çevrilir. Nəticə etibarilə, Özbəkistan-Azərbaycan münasibətlərinin çox dərin kökləri mövcuddur. Hazırda bu münasibətlər milli, mədəni və etnik əsaslarla formalaşaraq ikitərəfli əməkdaşlıqda geniş spektrlərə sahibdir. Özbəkistan və Azərbaycan arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, iki ölkənin iqtisadi, nəqliyyat və sənaye potensialı arasında dərin əlaqələr qurulmaqdadır və bu əlaqələrin inkişafına diqqət yetirilir. Buna görə də son dövrlərdə hər iki ölkə arasında bütün sahələrdə qarşılıqlı yaxınlıq müşahidə olunur. Eyni zamanda, Azərbaycanın hərbi sənaye məhsullarının Özbəkistan bazarına çıxarılması halları baş verməkdədir. Bütün bunlarla yanaşı, müdafiə və təhlükəsizlik sahələrində iki ölkə arasında ciddi layihələr həyata keçirilir ki, bu da həm qardaş ölkə Özbəkistanın, həm də Azərbaycanın təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.”
Deputat Özbəkistan prezidenti Şevket Mirziyoyevin “İqtisadi Əməkdaşlıq Təşkilatı”nın Azərbaycanda keçiriləcək Zirvə görüşündə iştirakını müsbət qiymətləndirib
“Bugünlərdə Azərbaycanda keçiriləcək ‘İqtisadi Əməkdaşlıq Təşkilatı’ Zirvə görüşündə Özbəkistan Prezidentinin iştirak etməsi, şübhəsiz ki, bu təşkilata üzv ölkələrin əməkdaşlığını daha da möhkəmləndirəcək və çoxtərəfli əlaqələrin dərinləşməsinə töhfə verəcək. Eyni zamanda, Özbəkistanın bu əlaqələrə verdiyi əhəmiyyəti nümayiş etdirəcəkdir. Qeyd etmək lazımdır ki, bu tədbir işğaldan azad olunmuş ərazilərimiz olan Xankəndidə keçiriləcək ki, bu da özlüyündə böyük bir müsbət göstəricidir.”
Nurlan Cəfəri