Reklam

""Hökumət evi"ni 400 manata satıram, alan yoxdur..." - Fotolar

Reklam

Milli Turizm Təbliğat Bürosunun Sabir bağında təşkil etdiyi Novruz Festivalı yekunlaşdı. Festival Azərbaycan milli mətbəxinin növbənöv təamları, sənətkarlıq nümunələri, milli suvenirlərin nümayiş olunduğu stendlər və konsert proqramı ilə yadda qaldı.

Yeniçağ.az olaraq biz də festivala böyük maraqla getdik. Öncə sərgilərlə tanış olduq. Ən çox diqqətimizi çəkən əl işlərindən biri də kibritdən hazırlanmış Heydər Əliyev Mərkəzi, Hökumət evi və digərləri idi.

28 yaşlı Sərvər Abdullayevin sözlərinə görə, o, gördüyü işlərdən zövq alır:

“Əslində, mən maşın ustasıyam. İlk dəfədir sərgidə iştirak edirəm. Gördüyünüz bu əl işlərinə ilk dəfə internetdə baxmışam, daha sonra isə həvəsə düşüb, asta-asta hazırlamağa başlamışam. İlk dəfə 2015-ci ilin əvvəllərində “Bağ evi”ni düzəltdim, sonra “Ağdam çay evi”ni, ondan sonra digərlərini… Bunlarının hər birinin ərsəyə gəlməsinə ən azı 2-3 ay vaxt sərf etmişəm. Materiallardan da əsas kibrit və qamış çöpü, taxta, şüşə, karton və dəmirdən istifadə edirəm. Sərgidə də şərait yaradıblar, işlərimi münasib qiymətə satmaq istəyirəm. Bu, Hökumət evinə 400 manat qiymət qoymuşam, alıcısı olsa endirim də edərəm, ancaq məndən 100 manata istəyirlər. Turistlər də çox maraq göstərir, amma hələ alan yoxdur. Heç nə sata bilməmişəm”.

Sonra “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin stendinə yaxınlaşırıq. Mərkəzin direktoru Ramin Cəfərov bildirdi ki, burada dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın və digər tələbələrin əl işləri nümayiş olunur:

“Sərgilədiyimiz əl işləri turist və yerli əhali tərəfindən böyük marağa səbəb olub. Gün ərzində bizim guşəyə 300-400 nəfər yaxınlaşır. Nizami Gəncəvinin “7 gözəl”inin geyimləri modellər tərəfindən nümayiş olundu. Biz bu layihəni poemanın 820 illiyinə həsr etdik. Bu tip tədbirlərin təşkili və sənətkarların öz bacarıqlarının nümayişi çox yaxşıdır. Üstəlik nəzərə alsaq ki, bu, həm də satış-yarmarkasıdır, demək, Novruz festivalında heç kim evinə əliboş getməyəcək.”

Ağdaş rayonundan gələn Məlahət İsmayıl qeyd etdi ki, festivala tikmə və yağlı boyadan hazırladığı əsərlərlə qatılıb:

“Düz 20 ildir ki, bu işlə məşğulam. Festivalda iştirak mənim üçün böyük məsuliyyətdir. Milyonlarla insan sənin zövqünə tamaşa edir. Artıq əl işlərimizdən də satmışıq. Müştərilərimiz daha çox turistlər olub”.

Ətrafda baharın gəlişi, torpağın oyanışı və Novruz bayramının ab-havası hiss olunurdu. İnsanlar sərgiyə, milli mətbəximizə və təşkil olunan konsertə böyük maraq göstərirdi. Festivalda iştirak edənlər arasında turistlər də az deyildi. Novruz bayramını Bakıda qeyd etmək üçün İrandan gələn Südabə adlı turist, istədiyi kimi dincəldiyini və paytaxtımızda bayramın möhtəşəm keçirildiyini dedi:

“10 il bundan öncə də ölkənizdə qonaq olmuşduq. Bu il yenə də gəldik, artıq bayram başlayandan burdayıq. Bakı çox gözəldir. Burada təşkil olunan konsert və sərgi də lap əladır. Sizin qonaqpərvərliyinizdən məmnunuq. Ölkənizlə bağlı təəssüratlarım sonsuzdur.

Kirmanşah adlı turistin fikrincə, Novruz heç bir ölkədə bu cür təntənəli keçirilmir:

“Düzünü desəm, sizin Novruz bayramınız çox ürəyimcədir, bəyəndim, hətta sizin ölkəyə köçüb yaşamaq da istərdim. İnanın ki, burada hər şeyi o qədər bəyənmişəm ki, sözlə ifadə edə bilmirəm. Bakıda həqiqətən də bayram ab-havası hiss olunur, hər şey gözəldir”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 103
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."