“Hörmüz boğazı bağlanarsa, dünya iqtisadiyyatı çökəcək”: İran münaqişəsində QLOBAL TƏHLÜKƏ
“Müharibənin qısa müddətdə və ya hansısa tərəfin qələbəsi ilə başa çatması real görünmür”.
Yenicag.az xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva bildirib.

Şərhçi ABŞ/İsrail – İran müharibəsinin gedişatı və mümkün nəticələri haqqında öz fikirlərini bölüşüb:
“Son hadisələr göstərir ki, İran ətrafında yaranmış gərginlik dünya siyasətinin ən təhlükəli məsələlərindən birinə çevrilib. Bir sıra hərbi obyektlərə zərbələrdən sonra münasibətlər kəskin şəkildə gərginləşib. Tehran buna cavab olaraq raket hücumları, pilotsuz uçuş aparatları və regiondakı proksi müttəfiq qüvvələrin aktivləşdirilməsi ilə reaksiya verir. Tərəflər bir-birinin hərbi obyektlərinə hava və raket zərbələri endirir, lakin genişmiqyaslı quru əməliyyatlarına keçmirlər. Çünki İran böyük əraziyə və çoxsaylı əhaliyə malik ölkədir, bu isə genişmiqyaslı quru əməliyyatlarında sürətli hərbi qələbəni çətinləşdirir”.
Y.Hacıyeva qeyd edib ki, İranın hazırkı mərhələdə məqsədi proksi qüvvələrini də müharibəyə cəlb etmək və gərginliyin xəritəsini böyütməkdir:
“İran arzu edir ki, münaqişə yalnız üç tərəf arasında məhdud qarşıdurma kimi qalmasın, əksinə, bütün Yaxın Şərq regionuna yayılsın. Belə vəziyyətdə döyüşlərin miqyası genişlənə və regionun bir çox dövləti münaqişəyə cəlb oluna bilər. Xüsusilə Suriya və İraq kimi ölkələrdə mövcud olan iranyönümlü silahlı qruplar və siyasi gərginlik bu prosesin daha da sürətlənməsinə səbəb ola bilər. Bundan əlavə, Fars körfəzi ölkələrinin də münaqişəyə qoşulması ehtimalı regiondakı təhlükəsizlik balansını ciddi şəkildə dəyişə bilər. Dünyada ixrac olunan neftin böyük hissəsi məhz Hörmüz boğazı ilə keçir. Əgər bu marşrut bir müddət də tam miqyasda işləməzsə və ya hərbi qarşıdurmalar nəticəsində daha təhlükəli bloklanarsa, qlobal enerji bazarında ciddi böhranlar baş verəcək. Bu isə yalnız region ölkələrinə deyil, dünya iqtisadiyyatına da güclü təsir göstərəcək. Bu üzdən İran hər vəclə müharibənin arealını genişləndirir. Digər tərəfdən, kənardan göstərilən hərbi və siyasi təzyiqlər artıq ölkə daxilində siyasi və sosial gərginliyin artmasına səbəb olub”.
Şərhçi müharibənin uzanmasının İranda daxili narazılıqların fazasını genişləndirəcəyini diqqətə çatdırıb:
“Mövcud vəziyyətdə İran daxilində müxtəlif siyasi və ictimai qruplar arasında fikir ayrılıqları və parçalanma daha açıq şəkildə üzə çıxıb. Baxmayaraq ki, cəmiyyət arasında geniş aksiyalar keçirilmir, ancaq hakimiyyət strukturları daxilində mövqelərin yenidən formalaşmasına təkan verən proseslər izlənilir. Bu, birmənalı olaraq ölkədaxili siyasi elitada dəyişikliklərin baş verməsi ehtimalını artırıb”.
“Müharibənin yaxın zamanda hər hansı tərəfin qələbəsi ilə bitəcəyi gözlənilirmi?” sualına isə müsahibimiz belə cavab verib:
“Mövcud geosiyasi və hərbi reallıqları nəzərə alaraq, münaqişənin qısa müddətdə başa çatma ehtimalını olduqca aşağı qiymətləndirirəm. İran dövlətinin potensial resursları və mobilizasiya imkanı onun uzunmüddətli müqavimət ehtimalını artırır. Bütün sadaladıqlarım bu müharibəni yalnız hərbi müstəvidə deyil, həm də siyasi və sosial müstəvilərdə davam edən kompleks prosesə çevirir”.
Y.Hacıyeva sonda İranın daxili siyasətindəki fikir ayrılıqları və mümkün narazılığın geniş vüsət alması ehtimalından söz açıb:
“Müharibənin gedişinə təsir edə biləcək əsas faktor İran hakimiyyəti daxilində mövcud fikir ayrılıqları və siyasi parçalanmalardır. Bu cür daxili dinamika bir tərəfdən qərar qəbul etmə prosesini çətinləşdirib, digər tərəfdən isə ölkənin ümumi siyasi sabitliyinə təsir göstərir. Həm hərbi və coğrafi amillər, həmçinin daxili siyasi prosesləri nəzərə alaraq qeyd edim ki, mövcud qarşıdurmanın sürətli şəkildə başa çatması ehtimalı azdır və müharibənin daha uzunmüddətli və mürəkkəb xarakter alması ehtimalı yüksəkdir”.
Nurlan Cəfəri













