Hörmüz boğazı bağlanarsa, dünya iqtisadiyyatını NƏ GÖZLƏYİR? - İqtisadçıdan AÇIQLAMA
“Avropanın qaz bazarında qiymətlər dünən 50% artaraq 1000 kubmetri 600 dollara yaxınlaşdı. Bu, son illərin ən yüksək göstəricisidir.”
Bu iddianı Yenicag.az-a açıqlamasında REAL Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

Ekspert bölgədə baş verən müharibənin və Hörmüz boğazının bağlanma ehtimalının dünya iqtisadiyyatına təsirlərindən söz açıb:
“ABŞ-İran müharibəsinin dünya iqtisadiyyatına təsirləri və Hörmüz boğazının bağlanmasına görə logistik təsirlər zamana bağlı olan məsələdir. Bu müharibənin nə qədər davam etməsindən asılıdır. Hələlik ən böyük təsirlər qazla bağlıdır. Avropanın qaz bazarında qiymətlər dünən 50% artaraq 1000 kubmetri 600 dollara yaxınlaşdı. Bu, son illərdə ən yüksək göstəricidir. Bundan daha bahalı dövrləri də olub. Məsələn, Rusiya-Ukrayna müharibəsinin başlanğıcında 1000 kubu 2500 dollara yaxınlaşmışdı. Son dövrlər isə qazın qiymətində sabitlik vardı, 300-350 dollar civarında satılırdı. Bu artım kifayət qədər ciddi artımdır”.
N. Cəfərli bu müharibənin logistika problemləri də yaradacağını diqqətə çatdırıb:
“Müharibədən sonra loqistika da bahalaşıb. Loqistika xərclərində gəmi icarəsi və zəhmət haqqından başqa sığortanın da böyük rolu var. Risklər artanda sığorta şirkətləri də qiymətləri artırır ki, bu da loqistikanı bahalaşdırır. Bu nöqteyi-nəzərdən müəyyən sahələrdə qiymət artımı olacaq. Bu da dünyada müəyyən problemlərə, dalğalanmalara səbəb ola bilər, amma bu zamana bağlıdır. Müharibə qısa müddətə bitərsə, o qədər də ciddi təsirləri olmayacaq”.
Nurlan Cəfəri













