I Dünya müharibəsi illərini əks etdirən klipin təqdimatı
Ötən gün Azərbaycan və Dağıstanın xalq artisti, bəstəkar Elza İbrahimovanın sonuncu bəstələrindən olan mahnısına çəkilən klipin təqdimatı olub.
Müğənni Həcər Əliyevanın ifa etdiyi və eyni adlı mahnıya çəkdirdiyi klip izləyənlərin böyük marağına səbəb olub.
Sözləri Vahid Əzizə, musiqisi Elza İbrahimovaya məxsus olan “Peşmanam” mahnısına çəkilən klipin süjet xətti diqqət çəkib. Belə ki, klipdə hadisələr Böyük Vətən müharibəsi illərini əhatə edir. Tamaşaçıya nostalji hisslər bəxş edən klip, iki gəncin sevgi münasibətlərini özündə əks etdirir.
KİV nümayəndələriylə yanaşı, şou-biznesin tanınmış simalarının da iştirak etdiyi tədbirdə, klip təqdim olunmazdan əvvəl qonaqlar çıxış ediblər.
Aktyor Elnur Kərimovun aparıcı olduğu tədbirdə Həcərə hər zaman dəstək olan xalq artisti Faiq Ağayev və şair Vahid Əziz səbəbkarın ünvanına xoş sözlər deyiblər.
Ümumiyyətlə, aparıcı tədbirdə iştirak edən qonaqların hər birinə söz verib və onların fikrini öyrənməyə çalışıb ki, hər bir şəxs də birmənalı olaraq yaradıcın işin keyfiyyətindən əmin olacaqları bildiriblər.
Nəhayət müğənninin prodüseri Humay Muxtarovın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə klip nümayiş olunub və səs-küylü alqışlarla qarşılanıb.
Qeyd edək ki, klipin rejissoru Elnur Əliyev, operatoru Asif Şirəliyev, quruluşçu və geyim üzrə rəssamı Mehriban Əfindiyevadır.
Yaxın günlərdə tam versiyası təqdim olunacaq klipdən qısa fraqmaenti təqdim edirik.
(gun.az)